İran-İsrail gərginliyinin müharibə həddinə çatması, Ukrayna-Rusiya savaşında cəbhənin genişlənməsi və Belarusun prosesə qoşulması ehtimalı qaynar proseslərdən xəbər verir. Bunlarla yanaşı, ABŞ Cənubi Qafqazda hərbi varlığını artırır. Belə ki, son zamanlar rəsmi Vaşinqtona məxsus təyyarələr Ermənistana enir, hərbçi dayışır. Bu o deməkdir ki, dünyada kataklizmlərin genişləndiyi, toqquşmaların müxtəlif cinahlarda eskalasiya həddində olduğu vaxtda Cənubi Qafqaz cəbhəsi də öz aktuallığını qoruyur. Bu regionda sabitliyə xələl gətirilməsi üçün istifadə rıçağı hazırkı reallıqlar kontekstində sadəcə Ermənistandır. Gürcüstan Qərbdən verilən vədlərin pafosdan başqa bir şey olmadığını anladı. Azərbaycan tamamilə müstəqil siyasət yürüdür və heç bir qütbün direktivləri ilə hərəkət etməyib və etməyəcək. “Ailəmiz türk dünyasıdır” tezisi gələcək siyasi yol xəritəsini də Qərbə çox yaxşı izah etmiş oldu. Yerdə qalır Ermənistan.
Ermənistanın hərbiləşdirilməsi təbii ki, bizim üçün gözlənilməz, ilk hadisə deyil. 30 il işğalçılıq meyillərinin gücləndirilməsi, status-kvonun qorunması üçün militarizasiya siyasəti həyata keçirirdilərsə, post-münaqişə dövründə bunun davam etməsi sülh danışıqlarına xələl gətirmək, öncəki vəziyyəti geri qaytarmaq, iki ölkə arasında nifaqın dərinləşdirilməsi məqsədi daşıyır. “Təhlükəsizlik zəmanəti” adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan silahlı təzyiq vasitəsi kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Qısamüddətli missiya kimi yaranan, daha sonra uzunmüddətli status alan və hərbləşdirilən Avropa İttifaqının Ermənistandakı missiyası, əslində, müşahidə funksiyasından daha çox, Qərbin Ermənistanda öz hərbi bazası rolunu oynayır. Belə olmasaydı, 2023-cü ilin yanvarında yaradılan adı “mülki” olan, özü isə Avropanın xüsusi xidmət orqanlarının əməkdaşlarından formalaşdırılan missiyanın iştirakçılarının sayı dekabrda 138-dən 209 nəfərə qədər artırılmazdı.
Ukraynanın da, İsrailin də taleyi Qərb güclərini qətiyyən maraqlandırmadığı kimi, İrəvanın uçuruma yuvarlanması da heç bir əhəmiyyət daşımır. Əgər Ermənistanın maraqları qorunsaydı, ilk növbədə Paşinyan sülh danışıqlarına vadar edilərdi.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi