Pavel Durov niyə həbs edildi?

27 Avqust 2024 14:48 (UTC+04:00)

Telegram-ın baş direktoru Pavel Durov Parisin şimalındakı Le Burje hava limanında Fransa polisi tərəfindən saxlanılıb.

Bildirilib ki, Durovun saxlanma müddəti uzadılıb və o, 96 saata qədər saxlanıla bilər. Paris prokuroru açıqlamasında Durovun kibercinayətlə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığını bildirib. Bazar ertəsi verilən açıqlamada, istintaq çərçivəsində qeyri-qanuni köçürmə, uşaq pornoqrafiyası, saxtakarlıq və səlahiyyətli orqanlara məlumat verilməməsi kimi cinayətlərin araşdırıldığı bildirilib. Fransa prezidenti Emmanuel Makron Durovun saxlanmasının siyasi olmadığını bildirib. Makron X platformasında verdiyi açıqlamada istintaqla bağlı dezinformasiyanın olduğunu bildirib və "Bu heç bir şəkildə siyasi qərar deyil. Məsələ ilə bağlı qərar verəcək adamlar hakimlərdir" deyib.
Açıqlamada, tətbiqin moderasiya siyasətinin "sənaye standartlarında olduğu və daim təkmilləşdirildiyi" ifadə edildi. Telegram-ın açıqlamasında bildirilir ki, bir milyarda yaxın istifadəçi Telegram-dan ünsiyyət qurmaq və məlumat mənbəyi kimi istifadə edir və problemin həll olunacağı gözlənilir.
Reuters xəbər agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Durovla görüşmək üçün Parisə nota göndərib, lakin Durovun Fransa vətəndaşı olduğu bildirilib. Nazirliyin sözçüsü Mariya Zaxarova Telegram-da verdiyi açıqlamada Durovun 2018-ci ildə Rusiyada işləməsinə “mane olan” hökumət qərarını tənqid edən Qərb qeyri-hökumət təşkilatlarının (QHT) saxlanma ilə bağlı səssiz qalıb-qalmayacağı ilə maraqlandığını yazıb.
Moderasiya siyasətləri və paylaşılan məzmunlara görə sıx tənqidlərə məruz qalan sosial media platforması X-in sahibi Elon Musk da Durovu dəstəkləyən mesajlar paylaşıb.
Mask #freepavel (Pavelə azadlıq) həştəqi ilə Durovun keçmiş televiziya müsahibəsinin Twitter-in Mask tərəfindən alınmasından məmnun olduğunu bildirən hissəsini paylaşıb.
Rusiya əsilli sahibkarın saxlanmasını Telegram hesabında şərh edən Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev iddia edib ki, Durov "vətəni olmadan möhtəşəm yaşayan parlaq "dünya adamı" olmaq istəyir. Bütün ümumi düşmənlərimiz üçün o, rusdur və buna görə də gözlənilməz və təhlükəlidir" deyib.
Pavel Durov kimdir?
Pavel Durov Rusiyada anadan olub. 2006-cı ildə o, bu gün də Rusiyanın ən populyar sosial şəbəkələrindən biri olan Vkontakte-ni təsis edib.
Lakin o, 2014-cü ildə şirkətin tərəfdaşlıq strukturunda dəyişiklik edildikdən sonra "baş direktorun idarəetmədə fəaliyyət azadlığının xeyli azaldığını" deyərək şirkəti tərk edib. 2014-cü ilin əvvəlində səhm satışından sonra Vkontakte-nin 52 faizi Kremlə bağlı oliqarx Əlişir Usmanovun nəzarətinə keçib. 2013-cü ildə o, qardaşı Nikolay Durov ilə şifrlənmiş mesajlaşma tətbiqi Telegram-ın əsasını qoyub.
O, 2014-cü ildə sosial media platformasında rusiyalı dissident icmaların bloklanması ilə bağlı hökumətin tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib. Hazırda Durov Dubayda yaşayırdı. Onun Birləşmiş Ərəb Əmirlikləri və Fransanın ikili vətəndaşlığı var. Dünyanın müxtəlif yerlərində serverləri olan Telegram-ın baş ofisi Dubayda yerləşir.
Telegram Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqı ölkələrində xüsusilə populyarlaşıb. Durov istifadəçi məlumatlarını Rusiya hökuməti ilə bölüşməkdən imtina etdikdən sonra proqram 2018-ci ildə Rusiyada qadağan edilib. Lakin 2021-ci ildə qadağa geri götürülüb.
Bu gün Telegram Facebook, YouTube, WhatsApp, Instagram, TikTok və Wechat-dan sonra dünyanın ən böyük sosial media platformalarından biri kimi sıralanır.
Amerikanın biznes və iqtisadiyyat jurnalı Forbes-in məlumatına görə, Durovun sərvəti təxminən 15,5 milyard dollardır.
Telegram-ın son illərdə Avropada artan populyarlığı, həmçinin Fransa da daxil olmaqla bir çox ölkədə təhlükəsizlik və məlumatların pozulması ilə bağlı narahatlıqların araşdırılmasına səbəb olub.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi