Siyasi macəraçılığın “Milli Şura” modeli: Cəmil Həsənli 4 anlayışa necə yük oldu?

29 Avqust 2024 11:34 (UTC+04:00)

2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurası adlanan bir qurum yaradıldı. Qurumun əsas məqsədi Rusiyadakı müəyyən maliyyə çevrələrindən maddi və siyasi dəstək alaraq Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq idi. Lakin tezliklə məlum oldu ki, “dünyaşöhrətli ziyalı” təşviqatı ilə qarşısında son dərəcə ciddi milli hədəflər dayanmış Azərbaycan dövlətinin başına gətirilməsi planlaşdırılan Rüstəm İbrahimbəyov ən yaxşı halda küskün bir macəraçıdır. Onun Azərbaycanın milli maraqlarını həyata keçirməyə nəinki siyasi potensialı vardı, hətta bəlli bir müddətdən sonra o, özü siyasi proseslərə qoşulmasını böyük xəta hesab edəcəkdi.

O dönəmə geniş şəkildə ekskursiya etmədən xatırladaq ki, Azərbaycan siyasətində “qonaq epizodik oyunçu” kimi daxil olmuş kinorejissorun seçkilərdə iştirakına hüquqi maneələr üzə çıxdı. O, prosesə qatıla bilmədiyindən Milli Məclisin keçmiş üzvü, mənsub olduğu təşkilatı deputat mandatına satmış Cəmil Həsənli urvatsız bir şəkildə prezidentliyə namizəd göstərildi. Həmin seçkilərdə sərgilədiyi aqressiv tövrlə ziyalı obrazını yerlə-yeksan edən C. Həsənli “vaxtımı saxloun” deyimi ilə yadda qaldı.

Seçkilərdən sonrakı dövrdə əsas təsisçilərinin və simalarının əksəriyyəti Milli Şuranı tərk etdi. Qurum müxtəlif illərdə bir neçə uğursuz aksiya keçirdi;1993-cü ildən bəri müxalif düşərgədə formalaşan çoxsaylı blok və koalisiyalar - DemKonqress, SİDSUH, “Bizim Azərbaycan” və s. kimi enində-sonunda kağız üzərində qaldı. İntəhası, digər prototiplərindən, hətta özünü yamamaq istədiyi Xalq Cümhuriyyətinin Milli Şurasından fərqli olaraq, fəaliyyətinə xitam verməyə özündə təpər tapmadı. Hazırda MŞ-nın Cəmil Həsənli və Gültəkin Hacıbəylini AXCP sədri Əli Kərimlinin çevrəsində nümayiş etdirməsindən başqa, heç bir siyasi əhəmiyyəti yoxdur. Əgər əhəmiyyətsizliyinə rəğmən, hər hansı siyasi qrup ictimai rəy yaradıcılığında aktyor olmaq iddiasını davam etdirirsə, onun məğzi və fəaliyyəti arasındakı rabitəni sorğulamaq yerinə düşər.

DEMOKRATİK DEYİL!

Demokratik qurumlarda bütün üzvlər qərar qəbul etmə prosesinə cəlb edilməlidir. Lakin, DQMŞ-nin bir çox üzvünün xaricdə olması və qərarların qəbulunda iştirak etməməsi, təşkilatın demokratik prinsiplərə uyğun hərəkət etmədiyini göstərir. Bundan əlavə, daxildə və xaricdə olan bəzi üzvlərin fərqli siyasi mövqe sərgiləməsi, bu fərqli mövqelərin nəzərə alınmaması, təşkilat daxilində demokratik mühit və müzakirələrin olmadığını göstərir. Toplantıların keçirilməməsi və bəzi üzvlərin yaş və səhhət səbəbindən qurumla hətta emosional əlaqələrini belə çoxdan kəsməsi, təşkilatın demokratikliyini şübhə altına alır.

QÜVVƏ DEYİL!

Güclü bir təşkilatın üzvləri ortaq məqsədlər ətrafında birləşməli, fəal olmalı və öz məqsədlərinə çatmaq üçün mübarizə aparmalıdırlar. Lakin, DQMŞ-nin üzvlərinin əksəriyyətinin qərar qəbul etmə prosesində iştirak etməməsi və zidd siyasi mövqelər sərgiləməsi (məsələn, hazırda adı MŞ üzvləri arasında göstərilən elə fiqurlar var ki, mənsub olduğu partiya iqtidarı dəstəkləyir) təşkilatın təsir gücünü kökündən itirdiyini göstərir. Əgər təşkilatın üzvləri təşkilatın işinə maraq göstərmirsə, birgə hərəkətdən yayınırsa, kütlələri öz ideyaları ətrafında səfərbər edə bilmirsə və siyasi tarazlığın formalaşmasında rol oynamırsa, bu, təşkilatın təsir gücünü itirməsi deməkdir.

MİLLİ DEYİL!

Milli maraqları müdafiə edən bir təşkilatın üzvləri milli məsələlərdə cəmiyyətin əsas hissəsi ilə eyni mövqedə olmalı, strateji maraqlar uğrunda birgə çalışmalıdırlar. Necə yarandığını bir kənara qoysaq, İkinci Qarabağ Savaşında “DQMŞ” milli həmrəyliyin parçasına çevrilə bilmədi. Üzvlərinin bir çoxu xaricdə yaşayan və anti-Azərbaycan çevrələrin trollarına çevrilən bir qurumu “milli” adlandırmaq absurddur. Hələ də adı MŞ-da gedən Leyla Yunusun bir ictimai-siyasi persona kimi anti-milli mövqeyinin mahiyyətini izah etməyə xüsusi ehtiyac yoxdur. Amma bunu qeyd eləməyə xüsusi lüzum var ki, əgər Azərbaycanda ABŞ-da olduğu kimi “Xarici təsir agentləri haqqında” qanun mövcud olsaydı, Milli Şura sədri Cəmil Həsənli NED-dən aldığı qrantlar müqabilində xarici təsir agentlərinin reyestrində ilk pillələrdə yer almalı idi.

ŞURA DEYİL!

"Şura" termini kollegial idarəetməni və ortaq qərar qəbul etməni nəzərdə tutur. Əgər DQMŞ-də qərarlar bir nəfər – Əli Kərimli, uzaqbaşı bir neçə nəfər tərəfindən geniş müzakirə və konsensus olmadan qəbul edilirsə, bu, təşkilatın şura prinsiplərinə uyğun olmadığını göstərir. Demokratik sistemlərdə "şura" anlayışı, ümumiyyətlə, kollegial idarəetməni, geniş müzakirə və ortaq qərar qəbul etmə prosesini ifadə edir. Bu cür şuralar, üzvlərinin bərabər hüquqlara malik olduğu, müxtəlif fikirlərin nəzərə alındığı və qərarların geniş konsensusla qəbul edildiyi strukturlar olmalıdır. Bütün müqayisələrin qüsurlu olduğunu vurğulayaraq, İsveçrə Federal Şurasını yada salaq.

İsveçrə demokratiyasında ən yüksək icra orqanı olan Federal Şura, kollegial idarəetmə prinsipini təcəssüm etdirir. Bu şura 7 üzvdən ibarətdir. Hər bir üzv, ildə bir dəfə rotasiya üsulu ilə prezident olur, nəticədə şuranın hər hansı şəxsiyyətin təsirindən uzaq durması təmin edilir. Şurada bütün üzvlərin fikirləri nəzərə alınır və hər bir qərar geniş müzakirələrdən sonra qəbul edilir. DQMŞ isə, 11 il ərzində öz sədrini dəyişməyib. Bir şuranın daimi sədrinin olması şuranın fəaliyyətini təşkil etmək, iclasları idarə etmək və qərarların həyata keçirilməsinə nəzarət etmək üçün məqbul sayıla bilər. Amma bu, bütün hallarda qərarların kollegial şəkildə qəbul edilməsi prinsipinə ziddir. Əgər şuranın sədri daimidirsə, bu, rəhbərin şuranın fəaliyyəti üzərində daha çox təsirə malik olmasına yol açır. Daimi təyin olunmuş bir sədri olan bir şura, çox vaxt bir fərdin, yaxud həmin fərdi orada sədr saxlayanın maraqlarına xidmət edir.

Bütün bunlar bir siyasi qrupun elan etdiyi ideyalara münasibətdə prinsipsizliyini ən əyani şəkildə nümayiş etdirir. AXCP və sədri Əli Kərimlinin siyasi iflasının səbəblərini həm də bu amildə axtarmaq lazımdır.

Əvvəla, siyasi prinsipsizlik təzahürləri inam itkisinə səbəb olur. Üzvlər, tərəfdarlar və seçicilər liderlərin və partiyalarının mövqelərinə qarşı şübhə etməyə başlayır, bu da onların dəstəyini azaldır. Elan olunan ideyalara selektiv yanaşma, siyasi nüfuzu azaldır, lider və təşkilatların siyasi gələcəyini riskə atır. Elə bu səbəbdən də artıq “Milli Şura” adı hətta protest elektoratında belə ikrah doğurur.

İkincisi, prinsiplər təbii müttəfiqlər və əməkdaşlıqlar yaradır. Əgər prinsip yoxdursa, deməli, bir araya gəlmək və əməkdaşlıq etmək üçün sağlam əsas da yoxdur. Müxalifətin bütün əməkdaşlıq modellərinin iflasının kökündə məhz bu amil dayanır.

Üçüncüsü, ideyalara dair prinsipsizlik siyasi strategiyaların qeyri-müəyyənliyindən qaynaqlanır. Bir düşərgə üçün prioritet müəyyən deyilsə, deməli, deklarasiya və proqramların siyasi tutarı da yoxdur.

Nəhayət, prinsipsizlik intriqa doğurur. Milli Şura dünəndən bu günə müxalifətin digər ittifaqları kimi intriqa yuvasıdır.

Taleh ŞAHSUVARLI