Ermənistan tərəfi məsələlərdə konstruktiv mövqe nümayiş etdirərsə, bu görüş baş tuta bilər - Zeynal Əmrəliyev

4 Sentyabr 2024 17:33 (UTC+04:00)

“Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədində Prezident İlham Əliyevlə görüş keçirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşların sülh gündəliyinə yardımını yüksək qiymətləndirir, lakin Azərbaycanla uzun müddətdir ki, ikitərəfli formatda iş aparılır”.

“Təbii ki, əgər Ermənistan tərəfi məsələlərdə konstruktiv mövqe nümayiş etdirərsə, bu görüş baş tuta bilər. Görüşün baş tutmaması üçün heç bir səbəb yoxdur və Paşinyanın açıqlamasından belə görünür ki, İrəvan vasitəçi olmadan danışıqlara daha çox meyl göstərir. Əslində bu variant məqbul variantdır. Vasitəçi olarkən gedən danışıqlar bir qədər yaxşı formada alınmır. Çünki həmin vasitəçi öz maraqlarını müdafiə edir, digər məsələlər özünü büruzə verir. Buna görə vasitəçisiz danışıqlar, zənnimcə, daha məqbuldur”.

Bunu AzNews.az-a açıqlamasında siyasi təhlilçi Zeynal Əmrəliyev deyib.

Siyasi təhlilçi qeyd edib ki, Azərbaycan və Ermənistan arasında bu format daha uğurlu alınır.

“Görünür ki, Ermənistan tərəfi də bunda maraqlıdır. Bir müddət əvvəl Rusiyanın prezidenti Vladimir Putin də Paşinyana zəng etmişdi. Putin də bildirdi ki, Paşinyan da zəng zamanı danışıqlarda vasitəçiliyə hazır olduqlarını deyib. Ermənistanın baş naziri də həmin söhbət zamanı daha çox vasitəsiz danışıqlara daha çox meyl göstərdiyini ifadə etdi. Ancaq Putinin xətrinə dəyməmək üçün vasitəçi, yəni üçtərəfli danışıqları da gözdən keçirdiklərini bildirdi. Çünki Qazaxın qeyri-anklav kəndləri ilə bağlı məsələ məhz bu cür həll olunub. Bu yaxınlarda Azərbaycanla Ermənistan arasında sərhədlərarası komissiyanın bəyannaməsi məhz bu cür hazırlandı. Danışıqlar vasitəsilə iki ölkənin arasında əlaqələr, kommunikasiyalar davam edir. Fonda Azərbaycan və Ermənistan liderlərinin sərhəd xəttində görüşməsi məqbuldur. Bu görüş baş tuta bilər. Ancaq burada Ermənistanın mövqeyi çox önəmlidir. Ermənistan özünü necə aparacaq və həmin o müzakirə olunacaq məsələlərdə hansı mövqe nümayiş etdirməsi də önəmlidir. Son zamanlar Ermənistandan müəyyən ziddiyyətli açıqlamalar gəlir və əgər rəsmi İrəvan bu açıqlamalara son qoyarsa və həqiqətən sülh istədiyini göstərərsə belə bir görüşün keçirilməsi məqbuldur. Ümumilikdə Azərbaycan tərəfi istər vasitəçi ilə, istərsə də vasitəçisiz danışıqlara hər zaman hazırdır və bunu da ifadə edib”.

Rəfiqə NAMAZƏLİYEVA