Bu gün İrəvan mediasında Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla sülh danışıqları və bu konteksdə mövcud olan digər problemlərlə bağlı bir neçə açıqlaması yayılıb. Bu açıqlamalarda diqqət çəkən əsas nüans odur ki, Ermənistanın nə özünün, nə də Cənubi Qafqazın gələcəyi ilə bağlı aydın bir planı, təsəvvürləri var. Üstəlik, Mirzoyanın yumşaq bir şəkildə Sülh Sazişinin layihəsinin texkini tərəfləri ilə bağlı Baş Nazir Nikol Paşinyanın səhvini tutması Ermənistan hökuməti daxilində də müəyyən qarşıdurmaların olmasından xəbər verir.
Bəli, Azərbaycan və Ermənistan arasındakı “sülh prosesi”ndə irəliləyişlər əldə etmək imkanı həmişə çətindir. Bunu nəzərə almaq mütləq lazımdır. Bununla belə, Ermənistandan Azərbaycanla münasibətlərinin normallaşdırılması mövzusunda Baş nazir və Xarici işlər naziri səviyyəsində verilən son açıqlamalar Sülh Sazişi və Zəngəzur dəhlizinin açılması ilə bağlı problemlərin davam etdiyini göstərir. Bu məsələlərdə tərəflərin mövqeləri arasındakı fərqlər, heç şübhəsiz, Cənubi Qafqazda uzunmüddətli sabitliyə nail olunmasını çətinləşdirir. Lakin məsələ bundadır ki, həmin fərqlər Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə bağlılığını ifadə etdiyi halda, Ermənistanın 30 illik işğalçılıq siyasətini davam etdirmək cəhdini ehtiva edən inersiyadan qaynaqlanır.
Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzərində davam edən danışıqlar regionda sülhə nail olmaq üçün vacibdir. Lakin tərəflər arasında razılaşdırılmamış bir neçə müddəa bu prosesi əngəlləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu gün Ermənistanın təqdim etdiyi şərhlərin Azərbaycan üçün qənaətbəxş olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistan layihədə müəyyən vacib maddələrin çıxarılmasını təklif edir ki, bu da tərəflər arasında problemlərin həllinə mane olur.
Cənab Hacızadənin bəyanatı göstərir ki, Ermənistan problemin məğzindən uzaqlaşaraq layihəni sadələşdirmək və imzalamaq xatirinə imzalamağa çalışır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, yalnız hərtərəfli və bütün problemli məsələlərə aydınlıq gətirən Sülh Sazişi işlək və davamlı ola bilər. Hələ də tərəflər arasında razılaşdırılmamış məsələlər onu göstərir ki, danışıqlar uzun müddət davam edə bilər- deyəsən, rəsmi İrəvanın arzusu da elə budur.
Rəsmi Bakının prizması isə tam fərqlidir. Azərbaycan Prezidenti İlham Əliyevin açıq mətnlə bəyan etdiyi kimi, Ermənistanın öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını qoruyub saxlaması iki ölkə arasında sülhə nail olmağı mümkünsüz edir. Bu iddiaların hüquqi normativ sənədlərdə davam etdirilməsi həm “Sülh prosesi”nə qarşı inamsızlıq yaradır, həm də imzalanacaq sazişi gələcəkdə “anti-konstitutsion” elan etmək üçün Ermənistandakı revanşist qüvvələrə şans verir.
Digər tərəfdən, Ermənistanın Minsk Qrupunun fəaliyyətini bərpa etməyə çalışması da Azərbaycan tərəfindən qəbul olunmur. Azərbaycan bu mexanizmin artıq keçmişdə qaldığını və regiondakı reallıqlara cavab vermədiyini vurğulayır. İndi Azərbaycan üçün əsas məsələ Ermənistanın hüquqi aktlarında yer alan ərazi iddialarından imtina etməsi, İrəvanın beynəlxalq hüquq prinsipləri və normalarına adekvat siyasi kurs seçməsidir. Bu cür prinsiplərdən biri Latınca "pacta sunt servanda" şəkilndə ifadə olunur, “Öhdəliklər yerinə yetirilməlidir” mənasını verir. Prinsip, beynəlxalq hüququn təməlində dayanır və əgər yaddaşım məni aldatmırsa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla, bir çox beynəlxalq sənədlərdə təsbit olunub.
Bu prinsipə əsasən, beynəlxalq sazişlər və razılaşmalar imzalandıqdan sonra tərəflər həmin sənədlərdə nəzərdə tutulan öhdəlikləri səmimi və tam şəkildə yerinə yetirməlidir. Bu prinsipin pozulması, tərəflər arasında inamın azalmasına, sülh və sabitlik üçün yaradılan hüquqi bazanın zəifləməsinə və dövlətlərarası münasibətlərdə gərginliyin artmasına gətirib çıxarır. Məsələn, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsini təmin edəcək marşrutun açılması ilə bağlı Ermənistanın Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi Sülh Sazişi və regionda sabitlik üçün problemlər yaradır.
Ermənistanın kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməməsi, regionun iqtisadi və ticari əlaqələrinin inkişafına mane olur. Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat dəhlizinin açılması, hər iki ölkə üçün vacib iqtisadi imkanlar yarada bilər. Lakin Ermənistan tərəfi son dörd il ərzində bu məsələdə irəliləyişə nail olmaq üçün ciddi addımlar atmayıb. Bu isə regiondakı əlaqələrin normallaşmasını çətinləşdirir. Həmçinin, Ermənistanın hər iki tərəfdən özəl şirkətlərin prosesə cəlb edilməsinə dair təkliflərini Azərbaycan qətiyyən qəbul etmir. Azərbaycan öz ərazisində “üçüncü tərəf”lə bağlı heç zaman heç bir müzakirə aparmayıb və aparmayacaq da.
Tərəflər arasındakı zidd mövqelər Cənubi Qafqazdakı geopolitik dinamikalara da təsir edir. Ermənistanın öz öhdəliklərinə tam riayət etməməsi Üçtərəfli Bəyanatı imzalayan Rusiyadan İrəvana xatırlatmalar edilməsinə səbəb olub. Bu xatırlatmalar müqabilində Tehranın da yadına düşüb ki, sən demə, “Zəngəzur dəhlizi” teokratik rejimin “qırmızı cizgisi” imiş.
Məsələnin daxili və xarici auditoriya üçün Tehran tərəfindən necə əsaslandırılmasını bir kənara qoyub, Tehranın əslində nədən narahat olduğunu aydınlaşdırmağa çalışaq. İkinci Qarabağ Savaşında Azərbaycan saxta duaları və qələbəmizdən duyduğu yalançı sevincə rəğmən praktiki olaraq Ermənistanı dəstəkləyən, hətta ordumuzun irəliləyinə müəyyən qədər mane olan İrana da qalib gəldi. Qondarma “Artsax”ın məhv edilməsi həm birbaşa, həm də dolayısı ilə İranın regiondakı arzularının puça çıxarılması deməkdir. Hazırda İran Qarabağda uduzduğu maraqlarını Zəngəzurda bərpa etməyə can atır.
Birincisi, İran, Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqazda Azərbaycanın mövqeyinin güclənəcəyini və Türkiyənin bölgədəki nüfuzunun artacağını düşünür. Bu, İranın regiondakı balansın dəyişəcəyindən narahat olmasına səbəb olur.
İkincisi, Zəngəzur dəhlizi İranın Ermənistandan keçən nəqliyyat marşrutlarının əhəmiyyətinin azalmasına gətirib çıxara bilər. Eyni zamanda, Zəngəzur dəhlizi açıldığı halda, İran Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa əlaqələrinin güclənməsi nəticəsində öz tranzit üstünlüklərini itirə biləcəyini düşünür. Elə bu səbəbdən də İran Zəngəzur dəhlizinə mane olmaq üçün Ermənistanla əlaqələrini daha da gücləndirir, hətta İrəvanı Azərbaycana qarşı təxribatlara təhrik edir. Bütün bunlar belə bir sual meydana çıxarır: Ermənistan ancaq İrana arxalanmaqla Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi?
Ermənistanın təkcə İrana arxalanmaqla Zəngəzur dəhlizinin açılmasına mane olmaq şansı yox dərəcəsində məhduddur. İlk növbədə ona görə ki, Zəngəzur dəhlizi regionda geniş beynəlxalq maraqlara səbəb olan bir layihədir və Rusiya, Türkiyə və hətta bir çox Qərb ölkələrinin strateji maraqları bu dəhlizin açılmasını dəstəkləyir.
Bundan əlavə, Ermənistanın iqtisadi və siyasi resursları məhduddur, ancaq İrana arxalanmaqla Ermənistan uzun müddət izolyasiya şəriatində qala bilməz. Odur ki, biz daha bir dəfə qissənin əvvəlinə dönməliliyik: Ermənistan rasional yol seçməli, daxili psixoloji çətinliklərini dəf edib öhdəliklərini yerinə yetirməli, Paşinyan hökuməti beynəlxalq münasibətlərdə həmişə səbrlə qarşılanmayacaq qeyri-sabit və konyuktur davranışlarına, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutmağa son qoymalıdır. Sonuncu BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünü müdafiə hüququ yaradır. Bu halda, İkinci Qarabağ Savaşından sağ çıxmış işğalçı ordu qalıqlarının Qərbi Zəngəzurda darmadağın edilməsi qaçılmaz olacaq.
Taleh ŞAHSUVARLI