"Azərbaycan və Amerika arasında təhlükəsizlik sahəsində uzun müddətdir bu sahədə davam edən bir əməkdaşlıq var" - Politoloq

12 Sentyabr 2024 10:55 (UTC+04:00)

“ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorun Azərbaycana səfəri diqqət çəkib. Vaşinqton rəsmisi səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir araya gəlib. Görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib”.

“Amerika Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsinin Bakıya səfəri təbii ki, ilk növbədə Azərbaycan və Amerika arasında təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı olan bir məsələdir. Azərbaycanla Amerika arasında uzun müddətdən bəri bu sahədə davam edən bir əməkdaşlıq mövcuddur və xüsusilə də nəzərə alsaq ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika ilə birgə hərəkət edib. Xüsusilə də 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə verdiyi dəstək, o cümlədən bir çox münaqişəli zonalarda Azərbaycanın sülhməramlı kontingent daxilində fəaliyyəti, təbii ki, Amerika ilə olan əməkdaşlığın təzahürüdür. Məhz bu çərçivədə münasibətlər tənzimlənib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, Əfqanıstanda Azərbaycan sülhməramlılarının iştirakı dəfələrlə Amerika tərəfindən yüksək qiymətləndirilib.

“Xüsusilə də Amerika qoşunları Əfqanıstanı üç il əvvəl qısa müddət ərzində tərk edərkən orada yaranmış durumda Azərbaycan sülhməramlıları öz üzərinə düşən vəzifələri kifayət qədər yüksək səviyyədə həyata keçirdilər. Bu səfərdə düşünürəm ki, bir neçə istiqamətdə müzakirələr ola bilər. Birincisi, qeyd etdiyimiz kimi, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı əməkdaşlığın bundan sonrakı perspektivləri müzakirə edilə bilər. Bundan əlavə, Güney Qafqazdakı durum, xüsusilə də Azərbaycan- Ermənistan arasındakı münasibətlər və bu kontekstdə Zəngəzur dəhlizinin açılması, burada təhlükəsizliyin təmin olunması ilə bağlı olan məsələlər də çox güman ki, diqqət mərkəzində olub. Amerika tərəfi Azərbaycanın bu məsələ ilə bağlı fikirlərini öyrənmək və bir daha dəqiqləşdirməyə cəhd edib. Düşünürəm ki, bu iki vacib istiqamət olub. Əlbəttə, Amerika ilə Azərbaycan arasında müzakirə olunacaq xeyli mövzular var. Amma bunların bir qismi siyasi və iqtisadi olduğundan Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsinin üzərinə düşən daha çox təhlükəsizlik məsələləri ilə bağlı olan məsələlərin müzakirəsidir”.

Rəfiqə NAMAZƏLİYEVA