Frank Şvabenin Azərbaycan qərəzi: Alman deputat erməni marağının əsirinə çevrilib - TƏHLİL

12 Sentyabr 2024 20:55 (UTC+04:00)

Azərbaycanın dünyanın ən stabil siyasi sistemlərindən birinə sahib olması, beynəlxalq nüfuzunun durmadan artması və ərazi bütövlüyünü təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoyması bəzi dairələri narahat edir.

Xüsusən, Qərb ölkələrində ayrı-ayrı siyasi qüvvələr və siyasətçilər anti-Azərbaycan əhval-ruhiyyəsi, Azərbaycanafobiya paranoyasının təsiri altında rəsmi Bakıya qarşı bəzən sistematik, bəzən xaotik qarayaxma kampaniyaları aparır. Bu qara piar aksiyaları Azərbaycanın ev sahibliyi edəcəyi nüfuzlu tədbirlər, musiqi və idman yarışları, beynəlxalq səviyyəli görüşlər ərəfəsində özəlliklə fəallaşır. Bu informasiya diversiyasını və qaralama kampaniyasını Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi, Forumla 1-in “Bakı Qran-Pri”ləri, Avropa və İslam Həmrəylik Oyunları zamanı hər kəs gördü.

Son vaxtlar isə noyabrda keçiriləcək və 2 həftə ərzində Azərbaycanı bütün dünyanın diqqət mərkəzində saxlayacaq COP29 sammiti çərçivəsində anti-Azərbaycan qüvvələr baş qaldırıb. Bu qüvvələrin əsas icraçı simalarından olan Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından olan üzvü Frank Şvabe bu mənada xüsusi canfəşanlığı ilə seçilir. AŞPA-dakı sosial-demokratlar qrupunun və Almaniyanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri olan Frank Şvabe siyasi karyerasını anti-Azərbaycan, anti-türk və anti-İslam tezislər üzərində qurub. COP29 öncəsi Şvabe Azərbaycanda “siyasi məhbus” probleminin olduğunu iddia edib. Almaniyalı deputat ölkədə siyasi məhbusların olmadığını, onun siyasi məhbus kimi qələmə verdiyi şəxslərin konkret cinayət əməllərində şübhəli olduqlarını bir kənara atıb.

"Demokratiya", "insan hüquqları" və "siyasi məhbus" anlayışlarını siyasi manipulyasiya və təzyiq metoduna çevirən bəzi Qərb dairələri kimi, Şvabe də ittihamlarında qeyri-səmimidir və himayədarlarının verdiyi konkret təlimatla hərəkət edir. Şvabe kimi Qərb siyasətçiləri Azərbaycanda insan haqları ilə bağlı situasiyanı mikroskop altında izlədikləri halda, öz regional favoritləri Ermənistanda baş verən özbaşınalıqları, siyasi repressiyaları görməzdən gəlir.

Frank Şvabeyə xatırlatmaq yerinə düşər ki, Paşinyan hakimiyyətinə qarşı etiraz çıxışları edən kinoprodüser 2022-ci ilin iyulunda vətəndaşları təhqir etməkdə ittiham olunaraq, İrəvanda məhkəmə zalında həyatını itirmişdi. Yaxud, 2019-cu ilin yanvarında jurnalist, Haynews.am saytının təsisçisi Mher Yegiazaryan 44 günlük aclıqdan sonra həbsxanada ölmüşdü. Haqsız həbs olunduğunu bildirən Yegiazaryan eyni zamanda, "Erməni qartalları: Vahid Ermənistan" siyasi hərəkatının sədri idi. Nədənsə, Frank Şvabe və Qərbin demokratiya carçıları bu insidentlərlə bağlı bircə dəfə narahatlıq ifadə edən açıqlamalar vermədi. Bundan başqa, keçmişdə iqtidarda olmuş Respublika partiyasının sədr müavini Armen Aşotyan və daha bir neçə sabiq məmurun, Paşinyanın öz komandasında çalışmış və sonralar müxalif mövqe seçən xeyli şəxsin müxtəlif ittihamlarla həbsə salınması, bəzi siyasi liderlərin (məs. "Çiçəklənən Ermənistan" partiyasının keçmiş sədri Qaqik Tsarukyan) əmlakının müsadirə olunması ilə bağlı istintaq tədbirlərinin aparılması Qərbin sakit müşahidəsi və susqunluğu fonunda baş verir. Analoji epizodlar Azərbaycanın siyasi arenasında baş versəydi, ölkəmizə qarşı diplomatik hücumun miqyasını təsəvvür etmək çətin deyil.

"Frank Şvabe və dostları"nın demokratiya və insan hüquqları prinsipləri ilə riyakar və seçici yanaşmasının daha bir məqamı Qarabağla bağlıdır. 44 günlük müharibə zamanı Azərbaycan ordusunun ardıcıl uğurlarından narahat olan deputat dərhal hərbi əməliyyatların dayandırılmasını tələb edir, Türkiyənin münaqişədə iştirakçı olduğunu iddia edirdi. 2020-ci il oktyabrın 29-da Bundestaqda çıxışı zamanı isə o, münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü barədə danışırdı. Zaman Şvabenin bütün tezis və fikirlərinin iflasa uğradığını göstərdi.

Növbəti mərhələdə alman deputatın Azərbaycana əsas hücum istiqaməti Qarabağın erməni sakinləri ilə bağlı oldu. 30 ildən artıq müddətdə 1 milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşməsi, qaçqın həyatı sürməsi, əmlaklarının məhv edilməsi Şvabeni narahat etməsə də, o hər fürsətdə Qarabağın erməni əsilli sakinlərinin guya etnik təmizləməyə düçar olduğunu çıxdığı bütün tribunalardan dilə gətirirdi. Halbuki, silah gücünə və ölüm təhdidi altında öz torpaqlarını tərk edən azərbaycanlılardan fərqli olaraq, Qarabağın keçmiş erməni sakinləri bölgəni Azərbaycanın reinteqrasiya proqramı və tam təhlükəsizlik təminatları altında bölgədən getmək qərarına gəldilər. Bunun üçün Azərbaycan tərəfindən heç bir basqı, təzyiq olmayıb, əksinə, xoşməramlı münasibət sərgilənib. Bunları görməzdən gələn, Frank Şvabbenin sərsəm açıqlamaları, Qarabağda guya erməni irsinin təhlükə altında olması barədə böhtan dolu açıqlamalar verməyə başladı. Eyni ritorikadan alman deputat Türkiyəyə qarşı da istifadə edir, ölkədə hüququn aliliyini şübhə altına alır. Görünür ki, erməni diasporu ilə sıx əməkdaşlıq halında olan, anti-türk təfəkkürlü Frank Şvabe insan haqları və demokratiyaya dair ittihamları ilə Qərbin müstəqil siyasət yürüdən ölkələrinə qarşı istifadə etdiyi seçici və qərəzli "demokratiya dəyənəyi" rolunu oynayır.

Onun çıxış və sitatlarında Azərbaycanın ünvanına demək olar ki, bir xoş sözə belə rast gəlmək mümkün deyil. Əksinə, cənab Şvabe Azərbaycana münasibətdə hər şeyə qara eynəklə baxır, ancaq neqativ fikirlər səsləndirir. Odur ki, erməni mətbuatının sevimli personalarından sayılır. Onun çıxışlarına, açıqlamalarına erməni mətbuatında tez-tez rast gəlmək mümkündür. Bu çıxışları izlədikcə Şvabenin ermənipərəstliyini, onların maraqlarına xidmət etdiyini daha aydın görmək olur.

Amma Şvabe və onun himayədarları anlamır ki, Azərbaycana qarşı hədə və təzyiq dili ilə danışmaq əbəs və nəticəsiz qalacaq. Şvabe Fransa hakimiyyətinin, deputatlarının, üzvü olduğu AŞPA-da ölkəmizə qarşı atılan qərəzli addımların, Avropa parlamentinin çoxsaylı qətnamələrinin və Aİ-nin fərqli ranqlarda diplomatlarının diplomatik həmlələrinə rəsmi Bakının və Azərbaycan cəmiyyətinin immunitet formalaşdırdığını anlamalıdır.

APA Analytics