Pozitiv elmi dünyagörüş mühiti və Sabirsayağı qorxumuzun səbəbləri

17 Sentyabr 2024 18:57 (UTC+04:00)

Elm və mühit mövzusu çoxşaxəli və müxtəlif sahələri əhatə edən geniş bir konsepsiyadır. Elm özlüyündə təkcə məlumat və faktların toplanması və təhlilindən ibarət olmayıb, eyni zamanda müəyyən bir mühitdə inkişaf edən və həmin mühitdən təsirlənən bir fəaliyyət sahəsidir. Elmi mühit isə elmin inkişafını, tədqiqatların istiqamətlərini, metodologiyalarını və elmi ictimaiyyətin düşüncə tərzini müəyyən edən sosial, iqtisadi, texnoloji, mədəni və siyasi şəraitlə xarakterizə olunur. Azərbaycanda bu şərait zaman-zaman müxtəlif mənfi təsir və təzyiqlərə məruz qalıb.

Sovet dövründə elm Kommunist Partiyasının inhisarında idi. Sovet ideologiyasına uyğun gəlməyən elmi tədqiqatlar ya aparılmır, ya da təzyiqlərə məruz qalırdı. İdeologiyanın elmi boğması elmin tərəfsizliyini və obyektivliyini yaralayır, tədqiqatların istiqamətini dəyişir, cəmiyyəti yeniləməsinə mane olurdu.

Sovet quruluşu dağıldıqdan sonra Azərbaycana din ixrac olunmağa başladı. Sovet dövründə sıxışdırılmış Azərbaycanın ənənəvi inanc sisteminə yeni ideologiyalar montaj olunması üçün ölkəmizə Yaxın və Orta Şərq ölkələrindən böyük paralar və missionerlər axdı. Azərbaycana “əsl islam” gətirmək iddiasında olan qeyri-ənənəvi cərəyanlar qarşılarında elmə və təhsilə böyük önəm verən, orta təhsil bazası yüksək bir toplum gördülər. Nəticədə, təhsil sistemində, ticarət və iaşə sektorunda, nəhayət SSRİ vaxtında belə yüksək dini həssasiyətini qorumuş seqmentlərdə öz təsirini yaymağa başladılar.

Elmi tədqiqatların davamlılığı və effektivliyi çox vaxt iqtisadi şərtlərə və texnoloji inkişaflara bağlı olur. Zəngin iqtisadi mühitlərdə və texnoloji yeniliklərə açıq cəmiyyətlərdə elm daha sürətlə inkişaf edir. Müstəqil Azərbaycanın iqtisadi inkişafı və texnoloji tərəqqisi elmin inkişafına münbit baza yaratsa da, sovet quruluşunun dağılması ilə cəmiyyətdə aqoniya yaranmış, yeni iqitisadi model, o cümlədən Qarabağ münaqişəsinin yaratdığı sosial-demoqrafik problemlər elmi mühitin korlanmasına, beyin axınına rəvac vermişdi.

Sovet dövründə akademik ünvanlar sosial-siyasi imtiyaz idi. Bu da Azərbaycanda da elmin müxtəlif istiqamətlərinin ayrı-ayrı adamların və onların ətrafındakı çevrələrin inhisarına düşməsinə səbəb olmuşdu. Bu çevrələr bir tərəfdən gənc dövlətin təhsil və tədqiqatlara ayırdığı pulları mənimsəyir, digər yandan isə, yeni yaranan özəl ali məktəblər aşağı balla tələbə qəbul edərək kadr hazırlığı prosesini tormozlayırdı.

Bütün bu deyilənlər onu göstərir ki, əgər Azərbaycanda elmin inkişafını istəyiriksə, ilk növbədə elmi mühit yaratmalı, bunun üçün isə, ictimaiyyətin düşüncə tərzini pozitiv elmə kökləməliyik. Bu sarıdan ən ciddi problem qeyri-ənənəvi cərəyanlar tərəfindən ictimai fikir müəssisəsinin elm anlayışına calaq edilmiş dini streotoplərdir. Cəmiyyətimizin bu streotiplərdən qurtulması üçün maarifçi kampaniyalara və simalara ehtiyac var.

Cəmiyyətimiz elə dinimizin özünə də zidd olan “möcüzəvi islam” barədə ideoloji təbliğata uymayıb bir gerçəkliyi nəzərə almalıdır: din və elm bir-birindən çoxdan ayrılıb. Çağdaş dövrümüzdə din elmin heç bir kəşfində iştirak etmədiyi kimi, elm də heç bir halda və formada dini mətnlərə qaynaq kimi yanaşmır. Bu da ondan irəli gəlir ki, din insana, cəmiyyətə, təbiətə və kainata metafizik və ruhani çərçivədən baxır, elm isə müşahidə, təcrübə və rasional analiz yolu ilə biliklər əldə etməyə çalışır.

Dində inanc və iman ön plandadır. Dinin təməlində dəyişməz əqidələr, müqəddəs mətnlər və təlimlər dayanır. Bu mətnlər və təlimlər inanclılar üçün müzakirəyə açıq olmayan həqiqətlər kimi qəbul edilir, doqmalardır. Elmdə isə hər bir nəzəriyyə və məlumata şübhə ilə yanaşıla bilər, yəni elmi məlumatlar daim yenidən sınanır və təkmilləşdirilir. Elm mübahisəli, dəyişkən, hətta özünü inkar edən bir prosesdir və yeni kəşflər keçmiş bilikləri dəyişdirə, üstündən xətt çəkə bilər.

Dini ehkamları elm vasitəsilə doğrulamaq və ya yanlışlamaq mümkün olmadığı kimi, məntiq vasitəsi ilə təsdiq və inkar etməyə cəhd göstərmək də yersizdir.

Əvvəla ona görə ki, dini inanclara görə, iman məntiqdən və rasional düşüncədən üstündür. Dini ehkamlar yalnız iman vasitəsilə qəbul edilməlidir və məntiq bu doqmaları izah edə bilməz. Məsələn, imanın əsaslarından birini təşkil edən ilahi vəhylər məntiqə uyğun olmasa belə, mömin üçün həqiqət sayılır.

İkincisi, məntiq, düzgün düşünmə prinsiplərini öyrənən və analiz edən fəlsəfi bir sahədir. O, düşüncə prosesini nizama salan qanunları və qaydaları müəyyən edir. Məntiq insanın doğru nəticəyə gəlməsi üçün müəyyən qaydalar çərçivəsində düşünmə qabiliyyətini inkişaf etdirir. Məntiq, səbəb-nəticə əlaqələrini, deduksiya və induksiya kimi düşüncə üsullarını, həmçinin mühakimə yürütməni təhlil edir. Məntiqin gəldiyi doğru nəticə empirik və ya nəzəri olaraq yoxlanılan, təkrar edilə bilən olmalıdır. Məntiq rasional düşüncə və səbəb-nəticə əlaqələri üzərində qurulduğu üçün, onun nəticələri elmdə və digər sahələrdə test olunur və təcrübə ilə təsdiqlənir. Din isə daha çox iman və inanc üzərində qurulub, təcrübə və müşahidə ilə yoxlanıla bilməz. Dini ehkamlar metafizik mənbələrə əsaslandığı üçün məntiqi sınaq və elmi təcrübələrə məruz qalmır. Odur ki, dinin təbiəti ilə məntiqin təbiəti fərqlidir.

Beləliklə, əgər biz elmi inkişaf etdirən elmi mühit formalaşdırmaq istəyiriksə, pozitiv elmi dünyagörüşün əsaslarını yaradan fənlər ali məktəblərin ilk kursunda ixtisasından asılı olmayaraq bütün tələbələrə tədris olunmalıdır. Bu fənlərə elm fəlsəfəsi, məntiq, hüquq və ali riyaziyyat daxildir. Üstəlik proqrama qlobal elmi mühitə daxil olmaq üçün ilin sonunda tələbələri B2-C1 səviyyəsinə çatdıran ingilis dili də daxil edilməlidir.

Digər çox aktual istiqamət elmin digitallaşmasıdır. Elmin digitallaşması 21-ci əsrdə elmin inkişafında ən mühüm mərhələlərdən biri kimi çıxış edir. Bu, elmi tədqiqatların aparılması, məlumatların paylaşılması və biliklərin geniş kütlələrə çatdırılması yollarını əhəmiyyətli dərəcədə dəyişib. Milyonlarla elmi məqalə, kitab və tədqiqatlar rəqəmsal platformalarda saxlanılır və dünya miqyasında tədqiqatçılar üçün əlçatan olur. Bu, elmi məlumatlara çıxışı xeyli asanlaşdırır və tədqiqatların sürətini artırır. Elm digitallaşdıqca açıq elm (open science) hərəkatı daha da güclənir. Alimlər məlumatlarını, tədqiqat nəticələrini və işlərini açıq şəkildə paylaşır, bu da elmə daha çox şəffaflıq gətirir və innovasiyaları sürətlənir. Elmin digitallaşması digital elmi ictimaiyyət formalaşdırır. Onlayn platformalar, elmi bloglar, sosial şəbəkələr elmi ictimaiyyəti genişləndirir və elmi müzakirələrin daha geniş auditoriyaya yayılmasını təmin edir. Eyni zamanda, rəqəmsal alətlər tədqiqatçılar arasında əməkdaşlığı gücləndirir. Nəhayət, Süni İntellekt (AI) və böyük məlumatlar (big data) elmi araşdırmalar üçün yeni imkanlar açıb. Süni intellekt çoxlu məlumatları analiz edərək daha sürətli və dəqiq nəticələr əldə etməyə imkan verir, mürəkkəb problemləri həll etmək üçün yeni yollar göstərir.

Dünyəvi Azərbaycanın Konstitusiyasının 47-ci maddəsinə görə, heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Odur ki, mənim də kiməsə, kimlərəsə öz dini əqidəmi açıqlamaq borcum yoxdur. Bunu bildiyim halda deyim ki, mən ateist deyiləm, islamın şiə məzhəbinə etiqad edən bir müsəlmanam. Ancaq bu gün sosial şəbəkələrdə Azərbaycan müsəlmanlarının “ad günü üçün hazırlanmış tortun üstünə yaş rəqəməni yazmaq günahdır, günah deyil” qəbilindən olan müzakirələrinə şahid olduqca, Mirzə Ələkbər Sabirin söz etdiyi qorxu çökür canıma. Gələn ay NASA Yupiterin Avropa peykinə "Europa Clipper" adlı missiya göndərəcək. EC “Avropa” adlı peykdə mövcud olan buz qatının altında maye halında su hövzəsinin olub-olmamasını araşdıracaq. Bəzi ehtimallara görə, Yupiterin peykindəki hövzədəki su bizim planetimizdəki suyun həcmindən çox ola bilər. Missiya həmçinin su hövzəsində həyat əlamətləri axtaracaq. Elmin kosmosda istənilən yaşam axtarışı Çarlz Darvinin “Təkamül nəzəriyyəsi”nə əsaslanır. Öz aləmində “Təkamül nəzəriyyəsi”ni çürüdüb tortun üstündə günah axtaran zehniyyyət Yerdən təxminən 628 milyon kilometr məsafədə nəhəng buz qatının altında su axtaracaq zondları hazırlayan, idarə edən, göndərdiyi dataları analiz edən kadrlar ərsəyə gətirən bir mühit formalaşdıra bilərmi? Bilməz və qorxulu olan da elə budur!

Taleh ŞAHSUVARLI