"Qərb Ukraynanı silahlandırmada və Rusiyaya qarşı silahdan istifadədə geriyə addım atmayacaq" - Turab Rzayev

18 Sentyabr 2024 16:05 (UTC+04:00)

“Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ və Avropa ölkələri Ukraynaya verilən raketlərlə Rusiyanın içərilərinə zərbələr endirilməsinə icazə versə, bu, cavabsız qalmayacaq. Rusiya rəsmiləri yenə “qırmızı xətlərdən” danışırlar”.

“Artıq görünən odur ki, Rusiyanın qırmızı xətlərini ciddiyə almırlar. Demək olar ki, Kursk hücumundan sonra Rusiyanın imici, prestiji yerlə bir oldu. Faktiki olaraq Ukrayna Rusiya vilayətinin böyük bir hissəsini işğal etdi və onu hələ də nəzarətdə saxlayır. Rusiya bütün ciddi cəhdlərinə baxmayaraq nəzarətdən çıxarda bilmir. Bütün hadisələr Rusiyanın bir dövlət kimi artıq ciddiyyətinin azalmasına, imicinin yerlə bir olmasına səbəb olur”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

O qeyd edib ki, görünən odur ki, artıq bütün bunlar Qərbdəki ölkələri, xüsusilə Böyük Britaniya və ABŞ-ı cəsarətləndirib.

“Əvvəllər Böyük Britaniya Ukraynaya öz silahlarını ancaq müdafiə üçün istifadə etməyə icazə verirdi. İndi isə Böyük Britaniya artıq onun silahları ilə nəinki Ukrayna daxilində hücuma, hətta Rusiya ərazilərində hücuma icazə verir. Rusiya artıq bununla bağlı narahatdır və bu açıqlama da bununla əlaqəlidir. Əgər Ukraynaya verilən silahlarla Rusiyanın içərilərinə hücum ediləcəksə, Rusiya bunu cavabsız qoymayacaq. Ancaq artıq Rusiya o qədər təhdid istifadə edib ki, Rusiyanın təhdidləri, qırmızı xətləri ciddiyə alınmır. Buna görə də Rusiya ya həqiqətən də nüvə silahından istifadə etməlidir ya da silahla daha ciddi mesaj verməlidir. Qərb Ukraynanı silahlandırmada və Rusiyaya qarşı silahdan istifadədə geriyə addım atmayacaq. Eyni zamanda Rusiyanın nüvə təhdidlərini Qərbin ciddi qəbul etməməsində səbəb isə Rusiyanın bu silahlardan istifadə etməyəcəyini bilir və buna qarşı əminliyi var. Yaxud da hansısa şəkildə Rusiyanın silahlarına qarşı müdafiə mexanizmi fikirləşib hesablayıblar”.

Rəfiqə NAMAZƏLİYEVA