Müqəddimə
Bir gecə Molla Nəsrəddin yatmışdı, evinin qabağında böyük bir dava düşdü. Arvadı Mollanı oyatdı ki, gör o nə davadır. Molla durub yorğana büründü və qapının ağzına çıxdı. Dava edənlər Mollanı görüb, yorğanı onun əlindən qapdılar və qaçdılar. Haman dəm, dava sakit oldu. Molla otağa qayitdıqda arvadı soruşdu ki, dava nə üstə idi?
- Heç, bizim yorğan üstə idi, - deyib Molla çılpaq uzandı.
Əhvalat
İngilis (Avstriyaya). Balam, sən öz yanından Bolqariyaya məzəmmət edirdin ki, dəmir yolu oğurlayıbdır, indi görünür ki, oğrunun böyüyü özün imişsən.
Avstriya. Təvəqqe edirəm ki, mənə oğru deməyəsiniz. Mən öz malıma yiyəlik eləmişəm.
Serbiya (ağlayır). Yalançıya Allah lənət eləsin! Bosna hersoqu sənin malın idi?
A v s t r i y a. Çox zıqqıldama, Bosna hersoqu mənim də olmasa, sənin də deyildi. Özün də ata sərçə kimi çox atılıb düşmə. Yoxsa axırda xarabçılıq edərsən.
Qaradağ. Səndə çöx oyan-bu yan eləmə, görünür ki, bizi balaca tanıyıbsan.
A v s t r i y a (rişxənd ilə). Buna bax! Heç qıçım boyda deyil ha! Bu da mənim üstümə xoruzlanır. Səni bir Qaradağ qayıraram ki, böyründən də bir Ağdağ çıxar.
Rusiya. Yaxşı-yaxşı bilirik ki, sən Serbiyadan da Qaradağdan da güclüsən. Ancaq iş bundadır ki, sən nahaq iş görübsən.
F r a n s a. Sən Yevropanın tərəzisinə əl vurubsan, indi tərəzinin bir gözü ağır gəlir.
Avstriya. Hansı tərəzi?
İngilis. Belə Berlində qurduğumuz tərəzi.
R u s i y a. Həzərat, burada oturub boşboğazlıq eləmək lazım deyil, durun gedək, tərəziyə baxaq görək bir gozü nə qədər əyilibdir. Ona görə də əməl edək. Razısnızmı?
Hamısı. Razıyıq.
İngilis (Avstriyaya). Görürsən tərəzinin sən baxan gözü iki girvənkə ağır çəkir. Bu, Bosna hersoqunun ağırlığıdır. Sən gəl onu qaytar sahibinə, həm tərəzimiz düzəlsin, həm də o kişiyə bihörmətlik olmasın. Yazıq tazə iş başlayıb, xələl yetirmək yaxşı deyıl. Özü də gör ne mülayimətlə dolanır. Vallah onun yerinə ayrısı olsa idi, indi səni o baş ilə qoymazdı.
A v s t r i y a. Mininiz min söz deyəsiniz, mən Bosna hersoqu qaytaracaq deyiləm. Çünki, əvvəla o yer mənim haqqımdır, ora mən pul qoymuşam. İkinciyə qalan yerdə eşşəyə minmək bir ayıb, düşmək iki ayıb.
F r a n s a. İndi ki, belə oldu onda gərək tərəzinin o biri gözünə də bir əlac
olsun ki, bu biri gözü ilə düz olsun.
Avstriya. O ayrı məsələdir. Ona mən də razıyam.
İngilis. Nə tövr edək?
Ru s iy a (tərəzinin boş gözünü özünə tərəf çəkir). Hərgah Dardanel boğazı
bu gözünə qoyulsa, mən tərəf düzələr.
Almaniya. Türkiyədə nəki dəmir yol var hamısını qoyun mən tərəfə,
düzəlməsə Messopatamiyanı da artırın.
İ t a l i y a. Mən evdə hesablamışam, Albaniya da mənə tərəf qoyulsa, mən
tərəf də düzələr.
İngilis.Yəni yəqin bilirsən.
İtaliya.Yəqin.
İngilis. Yaxşı onda gərək Misir də bəri qoyulsa, mən tərəf də düzələrmi?
R u s i y a. Düzələr, düzələr.
F r a n s a. Bəs mən tərəf?
H a m ı s ı. Sən də gör də!
F r a n s a. Keçmişdə bizim üçüncü Napaleon deyirdi ki, Şam bizə yarar. Ağlım kəsir ki, elə indi də onu qoysaq, mən tərəf düz olar.
H a m ı s ı. Sözümüz yoxdur.
Y u n a n. Daha mənim deməyim lazım deyil, özünüz bilirsiniz ki, Kirid cəzirəsi də mən tərəfi düzəldər.
H a m ı s ı. O məlumdur.
F r a n s a. Çox gözəl, o halda, bir tez paylaşaq ki, məsələ həll olsun. Daha
vaxtımızı zay etməyək, onsuz da "kulturnı" işimiz çoxdur.
Rusiya. Bəs Bolqariya, Serbiya, Qaradağ? Onlara nə verilsin ki, xətirlərinə dəyməsin.
H a m ı s ı. Yerdə qalan da onlara verilsin. Özləri bölüşərlər... Xub, deməli məsələ həll olundu. Dağılaq.
T ü r k i y ə. Yaxşı, bəs indi mənim təklifim nədir?
H a m ı s ı. Sən... zad elə... əvvəla bizdən incimə, çünki bizim fikrimiz əsla sənə pislik eləmək olmayıb, bəlkə tərəzini düzəltməkdir. İkinciyə qalan yerdə...
(elə bu yerdə qalır).