Əli Kərimlinin keçmiş müavini: AXCP-nin payız və yazı bitmək bilmədi

20 Sentyabr 2024 11:42 (UTC+04:00)

Parlament seçkilərinin başa çatmasından sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXC) istefalar başlayıb. Partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyadan istefa verdiyini açıqlayıb. O, istefasını partiyanın "xroniki boykot"u ilə əlaqələndirib.

AXCP sədri Əli Kərimlinin keçmiş müavini, hazırda Milli Məclisin deputatı olan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Modern.az-a açıqlamasında partiyadakı istefaları şərh edib.

O qeyd edib ki, istənilən bir fəaliyyətin sonunda nəticə olmalıdır.

"Siyasi fəaliyyət isə nəticələrə və əldə olunan qələbələrə görə dividend gətirir. Bütün dövrlərdə belə olub ki, hər kəs uğurlu, verimli şəxslərin yanında dayanmağa üstünlük verib.İndi elə zamana çatmışıq ki, hər kəs konkret nəticə görmək istəyir. Əvvəllər danışmaqla, bəlağətli nitqlərlə insanları ələ almaq olurdu,çünki, hər kəsin danışmaq imkanı, həvəsi və yaxud resursu yox idi. İndi isə internet və sosial şəbəkələr bütün məhdudiyyətləri aradan qaldırb və hər bir fərd üçün bərabər imkanlar yaradıb. Hər kəs danışa, tənqid edə və tərif deyə bilər. Onun üçün də bəlağətli çıxışların effekti əvvəlki kimi deyil.

Amma, AXCP və onun sədri hələ də keçmişdə qalıb. 30 ildir ki, nəticəsiz fəaliyyət göstərir və bu zaman ərzində onun fəaliyyəti cəmiyyətə fayda verməyib. Onun yanında olanlar davamlı olaraq məhrumiyyətlər yaşayıb. 90-cı illərdən başlayaraq onlar demokratiya, azadlıq və vətəndaşların rifahı üçün özlərini dərviş şəklinə salıb məhdud küçə mübarizəsi aparıb və bəlkə də bunu doğru hesab ediblər. Sonra isə sosial şəbəklərə köç ediblər. Küçə mübarizəsi aparan zaman da kütlələrə çata bilməmişdilər, sosial şəbəkələrdə də məhdud və bəlli bir kəsimə danışırlar. Amma, ümumilikdə isə xalq yanında dəstəkləri yoxdur. Əgər onlar seçkilərə qatılıb yerlərdə xalqın mövqeyini görsəydilər, o zaman ciddi şəkildə siyasətlərinə dəyişiklik edər və reallığı qəbul edərdilər. Onlar sosial şəbəkələrdə fəalllıq göstərən 10-15 min fəalın qurbanına və girovuna çevriliblər".

R.Nurullayev söyləyib ki, bütün seçkilərin boykot olunması üzvləri bezdirib:

"Bütün seçkilər boykot olunur. Əlbəttə ki, üzvlər bezəcək. 2015-ci ildə parlament seçkiləri boykot edildiyi üçün mən də oradan uzaqlaşdım. O zamandan bəri istefa verənlər və eyni zamanda indi istefa verənlər mənimlə söhbətlərində deyirdilər ki, tez bir zamanda hakimiyyətə gəlirik, Qərb son sözünü deyib və deyəcək. Uzağı payızda hakimiyyətə gəlirik. Payız bitirdi, deyirdilər ki, yazda hakimiyyətə gəlirik, yaz bitirdi və yenə payız yada düşürdü. Sabahlar bitməyən kimi, AXCP-nin və Əli Kərimlinin də payız və yazı birmək bilmədi və bu gün də eyni sözləri təkrar edirlər.

Bir məsələni anlamaq lazımdır ki, AXCP-də olan insanlar bu vədlər üzərində qocaldılar, xəstə düşdülər və artıq əksəriyyət ümidini itirib. AXCP-çilər seçkilərdə iştirak edərək xalqla təmasda olmaq istəyirdilər, reallığı öyrənmək və qanuni şəkildə toplantılar, yığıncaqlar keçirmək arzuları vardı ki, görsünlər xalq indi nə deyir? Razıdır, yoxsa narazıdır? Ölkənin necə və hansı yöndə dəyişməsini istəyir? Ölkə əhalisi Azərbaycan Prezidenti haqqında nə düşünür? İştirak edənlər görəcəkdilər ki, xalq İlham Əliyevə toz da qondurmaq istəmir. Reallıq və həqiqət budur. Qarabağı azad edəndən sonra isə iqtidara münasibət 360 dərəcə dəyişib. Məgər bunu görmək çoxmu çətindir?"

Parlamentari AXCP-dəki istefaları belə izah edib:

"İstefalar ona görədir ki, adamlar içlərində olan potensialı aça bilmir, Əli Kərimlinin yanlış və sərt iradəsinə, qərarına tabe olmalı olurlar. Kim əksinə gedərsə, Əli Kərimlinin diktator üzünü görəcək, bunu onunla ən azı bir neçə gün bir yerdə olan hər kəs bilir və təsdiq edir. O təbiətcə diktatordur və kiçik bir partiyada məhrumiyyətlər yaşayan üzvlərinə qarşı belə avtoritar hərəkət edir. Adamlar düşünür ki, onun əlində real hakimiyyət olarsa, adam bir günün içində ən qatı diktatora çevrilə bilər. Heç kim fərqli fikir söyləyə bilməz. Fərqli fikir söyləyən, opponentlik etmək istəyən həmin an gözümçıxdıya salınaraq satqın elan edilir. Bu Əli Kərimlinin daxili xarakteridir, dəyişə də bilməz.

Bu gün AXCP-dən istefaların olması bu tip məsələlərdən qaynaqlanır. Demokratiya uğrunda mübarizə apardığını deyən bir siyasətçinin partiyanı avtoritar davranışla idarə etməsi kimi inandıracaq və kimləri partiyaya kilidləyəcək? Insan hüquqları uğrunda mübarizə apardığını deyən, öz üzvlərinin söz azadılığını, fərqli düşüncələrini boğan Əli Kərimlinin yanında kim qalmaq istəyər?"

AzNews.az