Siyasi şərhçi: "Ermənistan Rusiya ilə gizli əlaqədədir və əməkdaşlıq edirlər"

23 Sentyabr 2024 16:07 (UTC+04:00)

“Rusiya Baş naziri Aleksey Overçuk Ermənistanda səfərdə olarkən deyib ki, Moskva İrəvanla ticarət dövriyyəsini 14-16 milyard dollara çatdıra bilər. Halbuki bu məbləğ yaxın illərə kimi 2-3 milyard dollar olub”.

“Ermənistanla Rusiya arasında münasibətlər gərgin olmasına, hər iki tərəfin bir-birlərini müxtəlif səpkilərdə ittiham etmələrinə baxmayaraq, görünən odur ki, Ermənistanla Rusiya arasında iqtisadi dövriyyə 10 dəfədən çox artıbdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan Rusiya ilə birgə həm Qərbi, həm də ölkəsində olan vətəndaşları və ictimaiyyət nümayəndələrini aldadaraq öz siyasətlərini davam etdirirlər.

“Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən çıxmaqla bağlı hər dəfə Rusiyanı və təşkilatı ittiham edir. Rusiyanın təşkil etdiyi tədbirlərdə iştirak etmir, öz nümayəndələrini göndərmir. Göndərsə belə, aşağı səlahiyyətə malik olan şəxsləri simvolik olaraq göndərir. Bu da həmin iclaslara, tədbirlərə hörmətsizlik kimi qəbul edilir. Belə olan təqdirdə bəs niyə Rusiya Ermənistanla gizli formada bu cür iqtisadi əməkdaşlığa gedir? Niyə Ermənistanın iqtisadiyyatını daha da artırmaq, gücləndirməklə məşğuldur? Ermənistan isə üzdə Qərbin dəstəyi ilə Rusiyadan kənarlaşmağa başlayıb və öhdəlik götürüb ki, Rusiyadan uzaqlaşacaq. Ermənistanda rusdilli məktəblərin demək olar ki, bağlanmasına gətirib çıxaran addımlar var. İstər iqtisadi, mədəni, istər siyasi əlaqələrin minimuma endiyi bir dövrdə Rusiya- Ermənistan iqtisadi əməkdaşlığının daha da artması bir məsələyə işarə verir ki, Ermənistan Rusiya ilə gizli əlaqədədir və əməkdaşlıq edirlər. Hesab edirəm ki, Qərb bunu öncədən görməli idi. Artıq bilməlidir ki, Ermənistan Qərbin əlində vasitə kimi saxlanaraq Rusiya ilə münasibətlərini daha da dərinləşdirir. Rusiya vasitəsilə öz iqtisadiyyatını inkişaf etdirir. Qərbin Rusiya ilə bağlı qoyduğu sanksiyalar o qədər də əhəmiyyət kəsb etməyəcək”.

Rəfiqə NAMAZƏLİYEVA