İran müharibəyə qarşıdır, İsrail isə böyük münaqişə axtarır - İran prezidenti

24 Sentyabr 2024 17:14 (UTC+04:00)

İran Yaxın Şərqdə müharibə istəmir, regionda genişmiqyaslı münaqişə yaratmağa çalışan İsraildir.

Bu barədə İran prezidenti Məsud Pezeşkian bəyan edib.

"Biz müharibə istəmirik. Biz sülh şəraitində yaşamaq istəyirik", - o, BMT Baş Assambleyasının kuluarlarında deyib.

"Biz hamıdan çox bilirik: Yaxın Şərqdə böyük müharibə başlasa, dünyada heç kim bundan faydalana bilməz. Bu daha böyük münaqişəni yaratmağa çalışan İsraildir", - İran prezidenti əlavə edib.

Pezenşkian həmçinin ABŞ və digər Qərb ölkələrinin Qəzza zolağında “İsrail vəhşilikləri”nə məhəl qoymayan ikili standartlarına diqqət çəkib.

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif NBC telekanalına müsahibəsində deyib ki, İran anklavda münaqişəyə son qoymaq üçün bütün ölkələrlə əməkdaşlığa hazırdır. "Biz öz vətəndaşlarımız və dünyadakı ölkələrin vətəndaşları üçün daha dinc, daha sabit dünya istəyirik. Biz müharibə axtarmırıq, amma özümüzü müdafiə edəcəyik", - Zərif vurğulayıb.

Mövsüm

AzNews.az