"Ermənistan sülh istəmir, Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir" -Qüdrət Həsənquliyev

26 Sentyabr 2024 12:04 (UTC+04:00)

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Ukraynanın bəzi sabiq rəsmiləri, siyasi ekspertləri Azərbaycanı son vaxtlar hədəfə alıblar və iddia edirlər ki, Azərbaycan xalqı Qarabağı azad etsə də müstəqilliyini və azadlığını itirib. Baxmayaraq ki, Prezident İtaliyada rəsmən bəyan etdi ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları və BMT Nizamnaməsi çərçivəsində həllini dəstəkləyir. Nə baş verir?

- Əslində bir xalqın öz müstəqilliyini necə itirməsini müşahidə etmək istəyənlər Ukraynaya baxmalıdır. Onların bizimlə bağlı dedikləri ağ yalan olsa da belə hesab edək ki, düz deyirlər. O halda biz ən azından öz torpaqlarımızı azad etmişik və həmin ərazilərdə heç bir separatçı və başqa ölkənin əsgəri yoxdur, yaşayış məskənləri bərpa olunur, köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. “Müstəqil” Ukraynanın isə Prezidenti ABŞ rəsmiləri tərəfindən yox, hətta prezidentliyə namizəd tərəfindən təhqir olunur və bu udulur, heç bir rəsmi cavab verilmir. Sanki heç nə baş verməyib. Ölkənin 20%-i işğal olunub, əhalisinin 20%-i xaricə qaçıb, 100 minlərlə gənc insan ya həlak olub, ya da şikəst. Energetika sistemi demək olar ki, dağıdılıb. Ukraynanın “uzaqgörən” Qərbyönümlü “Maydan” hərəkatçıları Qərbin də təhriki ilə ölkəni bütünlüklə asılı vəziyyətə salıblar və bu müharibədən salamat qurtulsalar belə uzun illər Qərbdən asılı olaraq qalacaqlar. Çünki bərpa işlərinə 100 milyardlarla, bəlkə trilyonlarla ABŞ dolları tələb olunacaq. Asılılığın doğurduğu rəzalət o həddə çatıb ki, Qərbin bəzi dairələrinin diqtəsi ilə onlar Ukraynanın ərazi bütövlüyünü tanıyan, ona humanitar yardım edən Azərbaycanı hədəf seçir, beləliklə də özlərini alçaldırlar. Bu cür şərəfsizlikdən imtina edə bilmirlər, çünki boğazlarına keçirdikləri, yaxud keçirilmiş ipin ucu başqasının əlindədir. İndi görün kimlər bizi müstəqil olmamaqda ittiham edir.

- Qardaş Türkiyədən də bəziləri bizi ittiham edir ki, 2009-cu ildə Ermənistanla sərhədlərin açılmasına dair Sürix protokolları imzalananda da, bu gün də Azərbaycan Türkiyəni şantaj etməklə buna mane olur. Bu barədə nə deyərdiniz?

- Bizim torpaqlar işğal altında olanda mən həmişə deyirdim ki,Türkiyə hesab etməlidir ki, onun öz torpaqları işğal altındadır və o zaman nə edərdisə, indi də onu etməlidir. Türkiyə böyük dövlətdir, Rusiya ilə o danışıqlar aparmalıdır, Türkiyə - Rusiya əlaqələrinin inkişafını Qarabağın işğaldan azad olunmasına bağlamalıdır. Rusiyadan tələb etməlidir ki, işğalçı Ermənistanı dəstəkləməsin və mən bu fikirləri öz müsahibələrimdə dəfələrlə təkrarlayırdım. Türklər bizim qardaşlarımızdır və biz bunu onlardan umurduq, bu gün də çox şey umuruq. Biz Ermənistanla eyni mövqedən çıxış edib 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdən imtina edib Rusiya ilə münasibətləri korlaya bilmərik və ümumiyyətlə, bunu özümüzə sığışdırmamalıyıq. Ermənistan onun işğalçı siyasətini sona qədər dəstəkləmədiyi üçün Rusiyadan küsüb, bəs biz...Axı biz özümüz bunu Rusiyadan tələb və xahiş edirdik. Azərbaycan özünün etibarlı tərəfdaş imicini dağıda, öz xeyrinə olan razılaşmalardan imtina edə bilməz. Biz Naxçıvana maneəsiz və təhlükəsiz gediş-gəliş tələbimizdə israrlı olmalı, Ermənistana təzyiqləri artırmalıyıq. Ermənistan danışıqlar yolu ilə silahlı qarşıdurmadan qaçmaq yolunu tutub, amma sülh istəmir, Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir.

Biz onu da nəzərə almalıyıq ki, Rusiya bizim böyük qonşumuzdur və həmin ölkədə iki milyon azərbaycanlı yaşayır, bizi tarixi, humanitar əlaqələr bağlayır. Türk ekspertlər tərəfindən təklif olunan təxribat xarakterli, üçtərəfli, Türkiyənin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bölgəyə davamlı sülh gətirməz. Mən təklif etmişdim ki, Rusiyanın iştirakı ilə yeni Qars müqaviləsi imzalansın. Onda sülh daha təminatlı olar, bölgə dinc inkişaf yoluna çıxar. Ermənistanda bunu nə qədər tez başa düşüb Rusiyanı iqnor etməyib öz beynəlxalq öhdəliklərini yerinə yetirsələr, sülhə o qədər tez nail olmaq olar. Türkiyə Ermənistandan öz öhdəliklərini yerinə yetirməsini tələb etməlidir.
Ukraynada olduğu kimi Türkiyədə də, elə bizim öz içimizdə olduğu kimi bizə düşmən kəsilmiş Qərbdəki bəlli ermənipərəst dairələrə işləyən kifayət qədər satqın təxribatçılar var.
AzNews.az