Xətai rayonunda güclü yanğın başlayıb, əraziyə FHN-in qüvvələri cəlb olunub - YENİLƏNİB

27 Sentyabr 2024 14:14 (UTC+04:00)

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

14:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

13.42

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".