Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir

27 Sentyabr 2024 20:04 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını həyata keçirməklə yanaşı, çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak edir, habelə tərəfdaş qurumlarla beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə kompleks işlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin tədbirlərin davamı kimi, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda baş tutacaq 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiquesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkəmizin ev sahibliyi ilə keçiriləcək beynəlxalq tədbirə hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.