Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urud yazır

30 Sentyabr 2024 15:49 (UTC+04:00)

Bakının mərkəzində gözəl bir parkda Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin möhtəşəm abidəsinin ucaldılması bir çox cəhətləri ilə əlamətdar tarixi hadisədir.
Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.

Azərbaycanın paytaxtında Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub -böyüdüyü, yazıb- yaratdığı, toy- şənlik məclisləri keçirdiyi Göyçə mahalının və bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması və Qərbi Azərbaycandan olan soydaşlarımızın 35 ildən artıqdır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır. Məhz heykəlin açılışındakı nitqində cənab Prezident İlham Əliyevin " Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik"-, sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır.

Aşıq Ələsgərin abidəsinin Bakıda ucaldılması cənab Prezident İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncamının icrası olaraq həyata keçirilmişdir. Bu sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir.

Bu abidənin açılışında cənab Prezidentin iştirak və çıxış etməsi həm də Qərbi Azərbaycandan olan soydaşlarımıza, Qərbi Azərbaycan İcmasına, doğma yurdlarımıza qayıdış istəyimizə hörmət və dəstəyin ifadəsi kimi qiymətlidir.

Musa URUD