MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: Namiq Poladov məni sürgün edib

30 Sentyabr 2024 16:06 (UTC+04:00)

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin vəsatəti əsasında şahid qismində çağırılan Maliyyə və Büdcə İdarəsinin sabiq şöbə rəisi Rafail Xələfov yenidən dindirilib.

Rafael Xələfov suallara cavab olaraq bildirib ki, hazırda barəsində olan cinayət işinin istintaqı davam edir və dəymiş ziyandan daha 800 min manat dövlət büdcəsinə ödəniş edib.

Vəkil Rəşad Mirmehdizadənin suallarına Rafael Xələfov cavab verməyib. Bildirib ki, istintaqdakı ilkin ifadəsindən başqa sonra verdikləri ifadələri təsdiqləyir:

"İlkin tutulanda fikirli idim, sonradan verdiyim ifadələri təsdiqləyirəm. Hazırda çox şeyi xatırlamıram, orda nə demişəmsə elədir".

Vəkil Rəşad Mirmehdizadə deyib ki, Rafael Xələfovun ibtidai istintaqda ilkin ifadəsi həm Nizami Məmmədovun, həm də yoxlayıcıların verdikləri ifadələrlə üst-üstə düşür:

"İstər Nizami Məmmədov, istərsə də digər yoxlayıcılar hər biri sonuna qədər ifadələrində qalıb. Rəqəmlər ortadır. Lakin Rafael Xələfov sonradan ifadələrini dəyişib. Bundan sonra o digər təqsirləndirilən şəxslərlə ziddiyyətlər yaşayıb. İstintaq dövründə bir çox şəxslə üzləşməsi olub".

Rafael Xələfov isə vəkilin dediklərinə münasibət bildirməyib və istintaqdakı sondakı ifadələrini təsdiqləyib:

"Hamımız bir yerdə işləmişik, pulları bir yerdə mənimsəmişik. Bu barədə danışmaq istəmirəm".

Rəşad Mirmehdizadə daha sonra Bayram Bayramova suallar ünvanlayıb. Ondan alınan məbləğlə bağlı Rafail Xələfovla arasındakı epizodda çox ziddiyyətli məqamların olduğunu deyib.

Bayram Bayramov bildirib ki, Rafael Xələfovla birlikdə 2021-ci ildə onun maliyyə xidmətinin rəisi olduğu korpusda yoxlama aparmağa gəliblər. Onun sözlərinə görə, həmin dövrdə bilinən və bilinməyən vəsaitlər olub:

“Yoxlamaya gələnlər bilinən vəsaitlərlə bağlı 30 faiz, bilinməyən vəsaitlərlə bağlı isə 60 faiz alıblar. “N” saylı korpusda 2021-ci ilin təftişi zamanı İsmayılın maşınında Həsən Paşayevlə Rafael Xələfova 1 milyon 263 min manat təftiş pulu vermişəm. Ancaq o daha aşağı olan başqa məbləğ aldığını deyir".

Rafael Xələfov bildirib ki, həmin məsələ ilə bağlı bundan əvvəl dindirmə zamanı ətraflı ifadə verib: “Boş-boş suallara cavab vermək istəmirəm. Pulu Həsənə verdi, mənə verdi fərqi yoxdur. Ümumilikdə Bayram həmin gün 950 min manat pul verib”.

Təqsirləndirilən Cəlal Kazımov qeyd edib ki, 143 milyonluq cinayət işində tək 4 nəfərlə bağlı 7 milyon 555 min 216 manat çatışmazlıq var, bu pullar Rafael Xələfovdadır.

Rafael Xələfov deyib ki, həmin məsələ ilə bağlı istintaqda hər şeyi deyib. Bu məbləği birinci dəfədir ki, burada eşitdiyini deyib.

Daha sonra Rafael Xələfov 4 milyon 600 min manatın Namiq Poladova verilməsi ilə bağlı suallara belə cavab verib: “Namiq Poladov məni sürgün etmişdi. Amma mən bu barədə bir söz deyə bilmərəm. Bilirəm ki, məndən söz almaq istəyirlər”.

Sonra vəkil Rəşad Mirmehdizadə 143 milyon məbləğin şişirdildiyini deyib:

“Məhkəmədə dindirilən şəxslər də bunu təsdiq etdi ki, Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin xərclənməsi ilə bağlı heç bir qanun pozuntusunun olmadığını təsdiq ediblər, hər il yoxlamalar aparıblar, yeyinti aşkar etməyiblər. Büdcəni ayıran Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsi hara baxırdı, əgər yeyinti varsa, nə məqsədlə bu qədər pul ayırırdılar. Bu məbləğ hansı sənədlər əsasında təsdiqlənib, sübutlar yoxdur. Bəzi məbləğlərə ittiham tərəfi də qiymət verə bilmir".

Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə əlavə olaraq 4,6 milyon manatla bağlı ittiham veriblər:

"Namiq Poladov gəlib 4,6 milyon pulu almağına aydınlıq verməli idi, o vəsatətimdə təmin olunmadı. Rafael Xələfov ilkin ifadəsində bütün məsələlərlə bağlı düzgün ifadə versə də sonradan fikirli olmuşam deyib ifadəsini dəyişib. Halbuki ilkin ifadəsi ilə həm Nizami Məmmədovun, həm də yoxlayıcıların, həm də hərbi hissələrin maliyyə xidmət rəislərinin ifadələri üst-üstə düşür. Biz ilkin ifadəmizdə nəyi necə demişiksə bütün istintaq və məhkəmə boyu onun üstündə də dururuq”.

Digər təqsirləndirilən Cəlal Kazımovda 143 milyonluq ittihamla razılaşmadığını bildirib “Bu məbləğin mənimsənilməsi qeyri-mümkündür. Xəzinədarlıqdan çıxarılan məbləğlər şişirdilmiş rəqəmlərdi. Hərbi hissələrdə hərbçilərə verilən nağd ödənişlərin hamısı qalıb bizim boynumuzda, halbuki bu hal demək olar bütün hərbi hissələrdə olub. Rafael Xələfov da aldığı məbləğləri inkar edir”.

Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.