Laçın - hər şikayətin həlli var…

4 Oktyabr 2024 19:20 (UTC+04:00)

Laçın sakinlərinin sağlam təşkilatlanma nümunəsi göstərərək yaratdıqları “İctimai nəzarət və təşəbbüs qrupu” problemlərin çözümü üçün doğru ünvanları nişan verməklə real nəticələrə nail olacaq.

O yerdə ki hərəkət var, iş var, böyük uğurlarla yanaşı xırda çatışmazlıqlar da olur. İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli və genişmiqyaslı yenidənqurma bu baxımdan istisna deyil. Doğma yurda qayıdan sakinlərin sayı artdıqca bəzi adamlar məişət problemlərilə üzləşirlər. Yaranmış sualları araşdırmaq və doğru cavab tapmaq məqsədilə Laçında bu günlərdə “İctimai nəzarət və təkliflər qrupu” yaradılıb. Yerli camaatın təşəbbüsü ilə yaranan qrupun fəaliyyəti nədən ibarətdir? Laçın ağsaqqalı Qəzənfər Hüseynovun sözlərinə görə, çox vaxt insanlar hər hansı məsələnin həllinə çalışarkən müraciət etməyə doğru ünvan tapa bilmədiklərinə görə təşviş keçirirlər. Bəziləri elə hesab edirlər ki, düzgün çıxış yolu məsələni ictimailəşdirməkdən, sosial şəbəkə hesablarında “hay-küy” qaldırmaqdan ibarətdir. Halbuki bu, doğru qərar deyil. Problem varsa, onun həlli yolları da var. Bu yolların birgə axtarıb tapılmasını həm də maarifləndirmə işi kimi qəbul etmək olar. Şikayətləri qeydə alan qrup üzvlərinin məsləhəti yerli icra orqanları üçün yol xəritəsi cızmış olacaq.

Yeni qrupun yaranmasını dəstəkləyən qurumlar arasında “Laçın Abadlıq Xidməti” də var. Xidmətin direktoru Nəsimi Əsədovun fikrincə, bu ictimai qurumda elə adamlar təmsil olunacaq ki, həm xalq onun sözünə inansın, həm də icraedici qurumlar qarşısında hörmət-nüfuz sahibi olsunlar. Məsələn, el ağsaqqalı Qəzənfər müəllim uzun illər rəhbər vəzifələrdə işləyib, elini-obasını yaxşı tanıyır, camaatın fikirlərinə bələddir. Belə insanların təcrübəsindən öyrənməkdə fayda var.

Son illər bir çox dövlət qurumlarında ictimai şuralar fəaliyyət göstərir. Sözügedən qrup da bir növ “Laçın Abadlıq Xidməti” daxilindəki ictimai şura funksiyasını yerinə yetirəcək. Qrup üzvləri ayda iki dəfə toplaşaraq şikayətlərə baxacaq, həmçinin görülən işlər barədə məlumat verəcəklər.

Yeni yaradılan qrup qapalı deyil, tam şəffaf və səmərəli təkliflərə açıqdır. Beləliklə, əhalinin hər hansı şikayətləri vaxtında dinlənilib rəsmi qaydada, hüquqi baxımdan əsaslandırılmış tərzdə müvafiq qurumlara yönəldilərsə, bu, şübhəsiz ki, problemlərin ən optimal qaydada həlli yolunda əhəmiyyətli addım olacaq. Vətəndaş mövqeyi, sağlam təşkilatlanma Qarabağa qayıdanların doğma yurdda yeni şəraitə sürətlə adaptasiya olunmasına kömək edəcək. Laçında yaşlı nəslin və fəal gənclərin birliyini formalaşdıran nəzarət qrupu isə öz səmərəli fəaliyyəti ilə yenicə məskunlaşan digər şəhər, kənd və qəsəbələrə gözəl nümunə olacaq.

bms.az