Zeynal Əmrəliyev: "İran özünə istər iqtisadi, istərsə də hərbi formada müttəfiq axtarmağa çalışır"

9 Oktyabr 2024 13:38 (UTC+04:00)

“İran Prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif ötən gün Ermənistana səfər edib. Səfərin diqqətçəkən tərəfi M.Arifin İrəvanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlət başçılarının iclasında iştirak etməsidir. Məlumata görə, sözügedən iclasda İranın bu birliyə üzvlük prosesi müzakirə olunub”.

“İran hazırda müxtəlif iqtisadi bloklara can atır. Bu da anlaşılandır, çünki İranın iqtisadi vəziyyəti gərgindir. Xüsusilə də İsraillə gərginlik fonunda, İran özünə istər iqtisadi, istərsə də hərbi formada müttəfiq axtarmağa çalışır. Buna görə də müxtəlif platformalara daxil olmaq istəyir. Görünür ki, İranın birinci vitse prezident səviyyəsində bu tədbirə qatılması onu göstərir ki, rəsmi Tehran bu birliyə Avrasiya İqtisadi Birliyinə xüsusi önəm verir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, İran başa düşür ki, artıq Qərblə münasibətləri düzəltməsi yaxın perspektivdə ən azı mümkün görünmür.

“Buna görə də yaxşı olar ki, Şərqdəki iqtisadi bloklar vasitəsilə müttəfiqlik münasibətlərini gücləndirsin. Öz iqtisadi gücünü daha da artırsın. İranın Avrasiya İqtisadi Birliyinə qoşulmaq istəməsi anlaşılandır. Lakin üzv dövlətlərin İranın bu birliyə qoşulmasını arzu edəcəklərmi? Bu, çox önəmli və düşündürücü bir məsələdir. Çünki İran hazırda çox gərgin situasiyadan keçir. İsraillə faktiki olaraq müharibə vəziyyətindədir. Qərblə münasibətləri çox gərgindir və buna görə də ola bilsin ki, Avrasiya İqtisadi Birliyindəki ölkələr də düşünsünlər ki, bu cür gərginlik fonunda yaralı İran iqtisadiyyatı Avrasiya İqtisadi Birliyinin inkişafına hansı imkanlar yarada bilər. İranın üzvlük məsələsini imtina etməsələr belə bir qədər ləngidə bilərlər. Buna görə də vitse prezident M. Arifin İrəvan səfəri xüsusi əhəmiyyət daşıyır. Yəni Məhəmmədrza Arif öz diplomatik bacarığını ortaya qoyub bu üzv dövlətləri başa salmalıdır ki, İranın Avrasiya İqtisadi Birliyinə üzv olması bu birliyin inkişafına təkan verəcək”.

Rəfiqə NAMAZƏLİYEVA