Prezidentin xüsusi nümayəndəsi Laçının təmizliyinin qorunması üçün şirkətlərə çağırış edib

10 Oktyabr 2024 13:51 (UTC+04:00)

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov şəhərin təmizliyinin qorunması, tullantıların daşınması üçün şirkətlərə çağırış edib.

"Report"un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, o, Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında bəzi şirkətlərin tikinti işlərindən sonra tullantıları daşımadığını bildirib.

M.Məmmədov deyib ki, Laçın bu gün Azərbaycanın ən gözəl məkanlarından birinə çevirilib:

"Laçın su, meşə ehtiyatlarına görə zəngindir. "İstisu" mineral yatağının kəşf edilməsi üçün işlər görülə, dağ-mədən sənayesində geoloji kəşfiyyat təşkil edilə bilər. Bu həm də Laçında məşğulluq baxımından faydalı iş olacaq".