NATO nüvə təliminə hazırlaşır: “Düşmənlərimiz hazır olduğumuzu biləcəklər”

10 Oktyabr 2024 16:02 (UTC+04:00)

NATO-nun baş katibi Mark Rutte Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Danışıqlardan sonra Londonda verdiyi açıqlamada Rutte bildirib ki, NATO illik nüvə təliminə bazar ertəsi başlayacaq.

"Qeyri-müəyyən bir dünyada müdafiəmizi sınamağımız və müdafiəmizi gücləndirməyimiz çox vacibdir. Bu yolla düşmənlərimiz NATO-nun hazır olduğunu və istənilən təhlükəyə cavab verə biləcəyini biləcəklər",- deyə Rutte qeyd edib.

NATO rəsmiləri, Belçika və Hollandiyanın ev sahibliyi edəcəyi “Steadfast Noon” təliminə 13 ölkədən 60-a yaxın təyyarənin arasında F-35A döyüş təyyarələri və B-52 bombardmançı təyyarələrinin də daxil olacağını bildirib.

Təlimdə əsl silahdan istifadə edilmir. Lakin rəsmilər bildiriblər ki, “Şimal dənizi regionunda” təlimdə iştirak edən təxminən 2000 hərbçi döyüş təyyarələrinin ABŞ nüvə başlıqlarını daşıdığı missiyaları simulyasiya edəcək.

Transatlantik hərbi alyansın 32 üzvünün rəsmilərinə görə, təlim iki həftə davam edəcək.

Putin Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Qərbə potensial nüvə nəticələri barədə dəfələrlə xəbərdarlıq edib.

O, keçən ay Rusiyanın adi raketlərlə vurulacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyini və Moskvanın nüvə gücü tərəfindən dəstəklənən istənilən hücumu birgə hücum hesab edəcəyini açıqlamışdı.

Mövsüm

AzNews.az