“Prezidentin xarici siyasət kursu milli maraqlarımızın təmin olunmasına yönəlib" - ŞƏRH

10 Oktyabr 2024 17:45 (UTC+04:00)

“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakını və bu mötəbər tədbirdə dövlət başçımızın çıxışını şərh edərkən, ilk növbədə belə bir mühüm məqamı qeyd etmək lazımdır ki, cənab Prezidentin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurmasına və bu münasibətlərin inkişafına dəqiq hesablanıb. Məhz bu siyasət artıq uzun illərdir ki, Azərbaycanı bütün geosiyasi təlatümlərdən uğurla qoruyur. Başqa sözlə desək, Azərbaycan Prezidentinin həyata keçirdiyi balanslaşdırılmış, çoxvektorlu xarici siyasət kursu bütünlüklə ölkəmizin milli maraqlarının təmin olunmasına yönəldilib. Bu deyilənləri 2022-ci il fevral ayının 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə bir daha sübut edir. Bəyannamənin bütün bəndləri belə deməyə əsas verir ki, bu sənədin imzalanması cənab Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması naminə atdığı növbəti mühüm addımdır. Əlbəttə ki, Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir. Çünki öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bu baxımdan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq əlaqələri əldə olunmuş yüksək nəticə kimi qiymətləndirilməlidir. Eyni zamanda da Rusiya ilə imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusilə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqlar baxımından Azərbaycan üçün çox əhəmiyyətlidir. Həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan bununla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, cənab Prezident İlham Əliyevin daha bir möhtəşəm diplomatik gedişi idi. Bir mühüm cəhəti də qeyd etmək lazımdır ki, sözügedən sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Beləliklə, Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşmış olurlar. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Moskva iclasında etdiyi çıxışında Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini xüsusi vurğuladı.”

Bu fikirləri ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi AzNews.az-a verdiyi açıqlamasında ifadə edib.

Fikirlərini davam etdirən müsahibimiz daha sonra ölkəmizin MDB daxilində getdikcə artan nüfuzundan bəhs edib: “Azərbaycanın istər Qoşulmama Hərəkatında, istər Türk Dövlətləri Təşkilatında, istərsə də İslam Əməkdaşlıq Təşkilatında fəaliyyətini müşahidə edərkən biz aydın şəkildə görürük ki, ölkəmiz bu qurumlara üzv dövlətlərin böyük əksəriyyətilə əlaqələrini həm ikitərəfli formatda, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Əlbəttə ki, bu baxımdan Müstəqil Dövlətlər Birliyi də istisna deyil. İlk növbədə Azərbaycanın bu quruma üzv olan digər dövlətlərlə münasibətlərinin formalaşmasına belə bir amil təsir göstərir ki, bu ölkələrin hamısı 70 il ərzində SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olublar. Həmin illər ərzində bu ölkələrin xalqları arasında da güclü bağlılıqlar formalaşmışdır. Digər tərəfdən də MDB üzvləri arasında Azərbaycanla digər beynəlxalq təsisatlarda birgə üzvlüyü olan ölkələr də çoxluq təşkil edir. Bütün bunlar əlbəttə ki, xüsusi münasibətlərin formalaşmasına zəmin yaradıb. Lakin bütün bunlara rəğmən etiraf olunmalıdır ki, Azərbaycan indiyədək üzv olduğu bütün beynəlxalq təşkilatlarda sahib olduğu yüksək nüfuzunu və aparıcı mövqelərini hər zaman özünün yaradıcı təşəbbüsləri və effektiv fəaliyyəti sayəsində əldə edib. O cümlədən MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhərinin 2025-ci ildə təşkilatın mədəniyyət paytaxtı elan edilməsi, həmçinin gələn il Azərbaycanda III MDB Oyunları keçirilməsi barədə qərarın qəbul olunması da ölkəmizin MDB daxilində yüksək nüfuza sahib olduğundan xəbər verir. Əldə olunan bu nailiyyətlər əlbəttə ki, Azərbaycanın beynəlxalq müstəvidə növbəti möhtəşəm uğurları kimi qiymətləndirilməlidir.”

Sonda A.İ.Bakuvi Prezident İlham Əliyevin “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində təqdim olunan açıqlamalara münasibət bildirib: “Dövlət başçımızın əvvəlki çıxışlarında da qeyd olunduğu kimi, bu gün bəzi Qərb dövlətləri, ilk növbədə də ABŞ və Fransa Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, öz ərazi bütövlüyünü və tam suverenliyini heç kimdən soruşmadan, heç kimdən qorxmadan və heç kimi saymadan, öz gücünə bərpa etməsini heç cür həzm edə bilmirlər. Buna görə ölkəmizə qarşı tamamilə haqsız olaraq hansısa sanksiyalar tətbiq edilir. Bu sanksiyalarla bağlı ABŞ hökumətinin ikiüzlülüyünü, riyakarlığını açıq-aşkar ifşa edə məqamlardan biri də Azərbaycan-NATO tərəfdaşlıq münasibətləri çərçivəsində gedən proseslərdə özünün aşkar təsdiqini tapıb. Məlum olduğu kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var və bu tərəfdaşlıq hər zaman müsbət qiymətləndirilib. Xüsusilə qeyd edə bilərik ki, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yüksək effektivliklə iştirak edib. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr də məhz Azərbaycan hərbçiləri olublar. Çünki, məhz bizim hərbçilərimiz hava limanının mühafizəsinə görə cavabdeh idilər və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi. Lakin bu gün ölkəmizin bu xidmətləri ermənipərəst qüvvələrin təzyiqi nəticəsində unudulur. Bundan başqa, hələ 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla Azərbaycana tətbiq edilmiş sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Lakin ABŞ qüvvələri Əfqanıstandan qaçandan sonra bi daşımalara da artıq ehtiyac qalmadı və sanksiyalar yenidən qüvvəyə mindi. Bütün bunlar sözün əsil mənasında siyasi nankorluqdur və cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində də prinsipial möveyini bir daha nümayiş etdirərək, bu məsələlərə birmənalı münasibətini açıq mətnlə ifadə etmişdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.