İrəvanın "ad günündə" ideoloji təxribat

14 Oktyabr 2024 00:05 (UTC+04:00)

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan İrəvanın 2806-cı ildönümü münasibətilə təbrik dərc edib: “Bu gün bizim İrəvanımızın doğum günüdür: 2806 yaşı tamam olur".

Bəs, doğrudanmı İrəvanın 2806 yaşı var? İrəvanın ad günü hansı mənbələr və faktlarla təsdiq olunur?

Bəli, bu iddia tarixi mənbələr və elmi faktlarla təsdiq edilmir. İrəvanın belə qədim tarixə malik olduğuna dair sübutlar çatışmır, əksinə, şəhərin yerində məskunlaşma ilə bağlı məlumatlara ilk dəfə mənbələrdə 15-ci əsrdə rast gəlinir: "Övliya Çələbinin verdiyi məlumata görə bura XV yüzilliyin başlanğıcından Teymurun tacirlərindən Xoca xan Lahicani tərəfindən bir kənd olaraq qurulmuşdur".

Mənbə: ERDAL SEZGİ, "JAN ŞARDEN SƏYAHƏTNAMƏSİNDƏ İRƏVAN" məqaləsi. AMEA Naxçıvan bölməsinin xəbərləri, N1, 2019

İrəvanın tarixinin 2806 il olduğu iddiası, əsasən, b.e.ə. 8-ci əsrə aid Urartu sivilizasiyasına istinadən irəli sürülür. Ermənistan alimləri qədim Erebuni qalasının İrəvan şəhərində yerləşdiyini və həmin qalanın salınmasını şəhərin yaranma tarixi kimi göstərirlər.

Erebuni qalası Urartu hökmdarı I Argişti tərəfindən b.e.ə. 782-ci ildə inşa edilmişdi. Bu isə Ermənistanın hazırkı paytaxtı İrəvanın özünün deyil, yalnız həmin ərazidə yerləşən qədim bir qalanın mövcudluğunu sübut edir. Tarixi baxımdan Erebuni ilə müasir İrəvanın birbaşa əlaqəsi yoxdur. Çünki Erebuni qalası eramızdan əvvəl yox olub və onun üzərində gələcək şəhərin salındığını göstərən davamlı bir urbanizasiya prosesi sübuta yetirilməyib.

İrəvanın indiki şəhər kimi formalaşması isə orta əsrlərə, əsasən də Səfəvi dövlətinin dövrünə təsadüf edir. 16-cı əsrdə Səfəvi-Osmanlı müharibələri zamanı İrəvan qarnizon şəhəri kimi önə çıxmış və 1582-ci ildə Osmanlı imperiyası tərəfindən alınaraq idarə olunmuşdu. 17-ci əsrin əvvəllərində Səfəvi hökmdarı Şah Abbas tərəfindən yenidən alınmış və yenidən inşa edilmişdi. Şəhərin rəsmi yaranma tarixi isə, bir çox obyektiv tədqiqatçıya görə, məhz bu dövrlərə aiddir.

Beləliklə, İrəvanın 2806 yaşında olduğu iddiası açıq-açığına tarixi saxtakarlıqdır və elmi baxımdan dəstəklənməsi mümkün deyil.

Xatırladaq ki, Şah İsmayıl 1504-cü ildə qızılbaş sərkərdəsi Rəvanqulu xana Zəngi çayı sahilində- indiki İrəvan şəhərinin yerində yaxşı bir qala tikmək buyurmuşdu. Qalanın inşası 7 ilə başa gəlmişdi. Odur ki, İrəvan şəhərinin yaşı 520 ildir və 520 illik tarixin 400 ildən çoxu Azərbaycan türkləri ilə bağlıdır. Maraqlıdır ki, ilk dövrlərdə ermənilərin İrəvana qalasına girişi ümumiyyətlə yasaq edilmişdi. Ermənilər Azərbaycan türk mənşəli şəhər hakimlərinə şərab hazırlamaq üçün ilk vaxtlar qaladan bir neçə ağac uzaqda məskunlaşmışdılar. Hakim ailəyə mənsub xanımların, eləcə də şəhər ruhanilərinin şiə inancından doğan yanaşma ilə onlar "murdar" hesab edildiyi üçün qalaya qətiyyən buraxılmırdılar.

Ermənilərin İrəvana axını 6 oktyabr 1827-ci ildə şəhər Çar Rusiyası tərəfindən işğal edildikdən sonra, xüsusən də bir il sonra bağlanmış Türkmənçay Müqaviləsinə əsasən Qacar İmperiyasından ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə sürətləndi. İrəvanın işğalına Gürcüstan və İmereti erməni yeparxiyasının rəhbəri V Nerses (Nerses Aştaraketsi, Əştərəkli Nerses) fəal dəstək verirdi. Yeni müharibənin başlanmasında onun böyük "rolu" olmuşdu. Çar

I Nikolay 25 mart 1928-ci ildə özünü "Erməni vilayətinin hökmdarı" adlandırdı. Ondan 4 gün öncə isə belə bir sənəd imzalamışdı:

1888 nömrəli Ali Qərar.

Rusiya ilə bağlanmış müqavilə əsasında birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının "Erməni vilayəti" adlandırılması haqqında.

Persiya ilə bağlanmış müqavilə nəticəsində Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqları bundan sonra bütün işlərdə "Erməni vilayəti" adlandırılacaq və bizim titulumuz altında olacaq.

Bu vilayətin təşkili və idarə olunması ilə bağlı müvafiq göstərişlər hökumət Senatına veriləcək".

1849-cu il iyunun 9-da Çar Rusiyasında İrəvan quberniyası yaradıldı. Quberniyanın İrəvan qəzasında 1897-cu ildə demoqrafik tərkib belə idi:

Azərbaycanlılar - 51,4 %
Ermənilər- - 38,5 %
Kürdlər- - 5,4 %
Ruslar- - 2,0 %
Assurlar - 1,5 %

Osmanlıda baş verən 1915-ci il hadisələrindən- "Təhcir qanunu"ndan sonra quberniya ərazisinə ermənilərin yeni axını başladı və bu demoqrafik nisbət xeyli dəyişdi.

1917-ci ilin fevralında Rusiyada Çar hakimiyyəti yıxıldı. Bununla Çar Rusiyasının inzibati bölgüsü də aradan qalxdı. 1918-ci ilin 26 mayında gürcülər Zaqafqaziya Seymini tərk edərək dövlət müstəqilliyini elan etdilər. 28 mayda şimali Azərbaycan xanlıqlarını əhatə edən coğrafiyada Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

Ermənilər də müstəqil dövlət elan etmək niyyətində idilər, ancaq belə bir bəyanatla çıxış etmək üçün onlara paytaxt üçün "mübahisəsiz ərazi" lazım idi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli iclasında qəbul olunmuş qeyri-legitim qərarla İrəvan şəhəri ermənilərə "güzəşt" edildi. Bu güzəştdən sonra daha öncə öz üzərinə hökumət məsuliyyəti götürmüş Erməni Milli Şurası müstəqillik elan etdi.

Və ermənilər İrəvan şəhərinin 2806-cı ildönümünü qeyd etdikləri bir dövrdə “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” adlı tarixi sənədlərə və elmi faktlara əsaslanan kitab nəşr etdirmiş tarixçi alim, deputat Vasif Qafarova qarşı linç kampaniyası təşkil olunur.

Sizcə, bu Azərbaycana qarşı ideoloji təxribat deyilmi?

Taleh ŞAHSUVARLI