Gənc liderlər davamlı sülh təşəbbüsləri üçün Bakıda toplanacaqlar

18 Oktyabr 2024 15:07 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) “Sülh quruculuğunda gənclərin təşəbbüsləri: Azərbaycan modeli və beynəlxalq təcrübə” adlı Beynəlxalq Gənclər Forumu layihəsinin icrasına başlamışdır.

10 ölkənin 60 gənclər təşkilatları rəhbərləri, gənc liderlər və fəal ekspertlərin qatılacağı beynəlxalq tədbirlər çərçivəsində 20-23 noyabr 2024-cü il tarixlərində Azərbaycanda, Bakı və Sumqayıt şəhərində Beynəlxalq Gənclər Forumunun plenar açılışı, sülh quruculuğu, sülh təhsili, sülh təşəbbüslərində gənclərin rolu, Azərbaycan modeli, beynəlxalq təcrübə, davamlı sülhyaratmada gənclərin şəbəkələşmə və əməkdaşlığa dair müxtəlif panellər təşkil ediləcək, informasiya mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə olunacaqdır.

3 gün davam edəcək beynəlxalq tədbirlərin sonunda Forum adından Bakı Bəyannaməsin qəbul olunması və “Gənclərinin Davamlı Sülh Təşəbbüsləri Şəbəkəsi” adlı əməkdaşlıq və tərəfdaşlıq platformasının təsis olunması da nəzərdə tutulur.