Qarabağı tərk edən ermənilərin Azərbaycana qayıdış hüququ yoxdur!!!- ŞƏRH

18 Oktyabr 2024 17:26 (UTC+04:00)

Əvvəllər erməni mediasını izləyə bilmirdik. İrəvanda və Xankəndidə əleyhimizə aparılan təbliğatın əsas istiqamətlərini operativ şəkildə müəyyən etmək və cavablandırmaq imkanımız yox idi. Erməni qəzetləri Bakıya gəlmirdi, gəlsəydi belə, erməni dilini bilmədiyimiz üçün ancaq şəkillərinə baxacaqdıq. Düzdür, dövlət müəyyən yollarla həmin nəşrləri əldə edir, müxtəlif mərkəzlərdə dilimizə çevirtdirir, tədbirini əldən vermirdi. İnternetin təzə inkişaf etdiyi dövrlərdə Ermənistanı izləyən analitik mərkəzlərin işi bir qədər asanlaşdı, ancaq əsas resurslar yenə rus, ingilis dilində idi. Son beş-altı ildə isə tamam fərqli mənzərə yaranıb. İnformasiya texnologiyalarının və sosial şəbəkələrin sayəsində Azərbaycanın ekspert cameəsi nəinki Ermənistanın ictimai-siyasi həyatını yaxından izləyə bilir, hətta sosiumdakı dib dalğalarının marginal təmsilçilərinə də göz qoyurlar. Bütün bunlar “erməni sistemi” necə, hansı resurslarla işləyir sualına da geniş cavab yaradır.

Gələn ay Bakıda keçiriləcək COP29 Beynəlxalq İqlim Konfransı öncəsi erməni mediasında və sosial şəbəkələrin erməni seqmentində bir “canlanma” var. Ayrı-ayrı siyasilər, ekspertlər və müəlliflər açıq şəkildə bəyan edirlər ki, qlobal tədbirə qlobal marağı fürsət kimi fövtə verməyib Azərbaycana qarşı kampaniya aparmaq, təzyiqləri gücləndirmək, rəsmi Bakını pərt vəziyyətə salmaq lazımdır. Məşhur bir söz var: dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. COP29 ən yüksək səviyyədə baş tutacaq, buna ağlı başında olan kimsə şübhə edə bilməz. Bəs, “erməni ağlı” özünü niyə çax-çax yerinə qoyur? Bu sualın cavabı o qədər də bəsit deyil.

Bəli, ermənilər Qarabağ savaşını hərbi, siyasi, tarixi baxımdan qəti və birdəfəlik şəkildə uduzdular. Bu gündən sonra bizim üçün ən pis ssenarilər çərçivəsində də Qarabağa iddia etmələri və Azərbaycanın suveren ərazilərində seperatizm alovlandırmaları mümkün deyil. Bakını, Sumqayıtı, Gəncəni də əldən verdilər- Azərbaycanın iri şəhərlərindəki erməni həyatını itirməklə millətləşmə və zənginləşmə proseslərinin qarşısını aldılar. Heydər və İlham Əliyevlərin apardığı gerçəkdən müdrik siyasət nəticəsində böyük mənada üzləşdikləri məğubiyyətə rəğmən, Qarabağ münaqişəsi ermənilərə bir şans verib- beynəlxalq gündəmdə qalmaq. Onlar bu şansdan özlərinə diqqət cəlb etmək, çəkdikləri diqqəti maddi və siyasi dəstəyə çevirmək üçün istifadə edirlər. Erməni diasporu bu işdə hələ də fəal rol oynayır. COP29-la bağlı formalaşan erməni strategiyası da son nəticədə məhz bu məqsədə xidmət edir. Bakıya dəyənək, bizə kökə!- qurduqları ağlaşmanın məğzi, məramı budur!

Biz hər nə qədər ermənilərin ağlaşma qurmaq vərdişinə və səriştəsinə kinayə ilə yanaşsaq da, onlar üçün məsələ tamamilə fərqlidir. “Məzlum millət” obrazı erməni milli kimliyinin ən spesifik göstəricisidir. Qarabağ savaşındakı məğlubiyyət bu baxımdan Ermənistana həm öz cəmiyyətində, həm də diasporasında yeni “qurbanlıq millət” hekayəsi qurmağa və təqdim etməyə imkan yaradır. Son hekayə 1915-ci ildə Osmanlıda baş vermiş olaylarla birləşdirilir və erməni hönkürtüsü dünyanı bürüyür. Dünyanın qaydası isə çoxdan bəllidir: ağlamayana kökə yoxdur! “Humanitar yardım” adı altında kökə verib Ermənistanı kökəltmək istəyənlərin də “kövrək və xeyirxah qəlbləri” riqqətə gəlir, İrəvana dəsmal, dəsmal altında pul, silah, təlimat uzadıb qarnının dərdini soruşurlar.

Narriativ dəyişib. “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın dövlət siyasəti, “Artsax Azadlıq Hərəkatı”nın liderləri Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına açıq şəkildə etiraz edə bilmir və mahnılara başqa pərdədən girirlər:

- Qarabağda guya “erməni mədəni irsi”nin dağıdılması barədə hay-küy salırlar;

- Qarabağdan guya zorla köçürülmüş ermənilərin qayıdışını gündəmə gətirirlər;

- Azərbaycanın həbs etdiyi “dövlət xadimləri"ni azadlığa çıxarmağa çalışırlar.

Buna paralel olaraq, dünyada Azərbaycanın neqativ imicini formalaşdırmaq üçün sistemli bir propoqanda aparır, ölkəmizi insan hüquqlarının pozulduğu, demokratiyadan əsər-əlamət olmadığı, ksenofobik, təhlükəli, müharibə həvəskarı, sosial və ekoloji problemlər içində çabalayan, müasir dünyadan sürətlə uzaqlaşan avtokratiya kimi təqdim etməyə çalışırlar.

Ermənilər anti-Azərbaycan kampaniyalarını necə gerçəkləşdirlər? Sxemi açıqlayıram:

Bu fəaliyyət istiqamətlərinin hər biri həm ayrı-ayrılıqda, həm də toplam erməni revanşizminə xidmət edir. Odur ki, sualı daha konkret şəkildə nəzərdən keçirək. Erməni revanşizmi uzunmüddətli plan kimi necə həyata keçirilə bilər?

İrəvan mediasının kontent-analizi göstərir ki, bu planın həyata keçməsi üçün ermənilərin kollektiv və beynəlxalq təminat altında Qarabağa qaytarılması, üstün hüquqlara və əlahiddə inzibati resurslara malik olması ilkin şərt kimi nəzərdən keçirilir. Diqqət edirsinizsə, az qala bütün beynəlxalq təşkilatlar və hətta İsveçrə kimi rəsmən tərəfsiz dövlətlər də bu yöndə Azərbaycana çağırışlar edir. Ancaq məsələ bundadır ki, Qarabağdan köçmüş ermənilərin Azərbaycana qayıdış hüququ ya yoxdur, ya toxunulmazlıqdan məhrumdur, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərin müraciətləri isə fərdi qaydada nəzərdən keçirilməlidir.

İlk növbədə Qarabağı tərk etmiş erməniləri çeşidləmək lazımdır. Qarabağı tərk edənlərin mütləq əksəriyyəti:

Bu üç kateqoriyadan kənarda qalanlar varsa, onlar beynəlxalq hüququn “öz ölkəsinə qayıtmaq” haqqından yararlanmaq üçün Azərbaycan ərazisində cinayət törətməməlidirlər. Belə ki, “Qaçqınların statusu haqqında” konvensiyanın müddəaları barədə aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir:

- Sülh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər;

- Sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri- siyasi xarakterli ağır cinayət törətmişlər;

- Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər.

Bu isə o deməkdir ki, hər hansı formada Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmış, Azərbaycana qarşı kütləvi iğtişaşlar törətmiş, hərbi əməliyyatlara cəlb olunmuş, əsir və girovlara işgəncə vermiş, mülki əhalini qətlə yetirmiş, qovmuş, təcavüz və kölə cinayətlərinə bulaşmış, Xankəndidəki qanunsuz rejimin formalaşmasına dəstək vermiş, ölkəmizin təbii sərvətlərinin talanmasında, işğal edilmiş ərazilərin qarət edilməsində, heç bir erməni qayıdış hüququndan danışa bilməz.

Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq qayıdış haqqını ancaq fərdin “öz ölkəsinə” və vətəndaşlıq mənsubiyyəti əsasında tanıyır. Bu səbəbdən həmin ermənilər ya Azərbaycan Respublikasının vətəndaşı olduqlarını ortaya qoymalı, ya da qanuni yollarla vətəndaşlıq hüquqlarını bərpa etməlidirlər. Qarabağı tərk etmiş ermənilərə Azərbaycan vətəndaşlığı verilməsi mümkün deyil. Əvvəla ona görə ki, onlar son beş ildə Azərbaycan Respublikasında qanuni əsaslarla yaşamayıblar (bax: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun, maddə 14). Digər tərəfdən, yenə həmin qanuna görə, onlar Azərbaycan ərazisində fasiləsiz yaşamayıblar və bir ildir ki, ölkə ərazisini könüllü tərk ediblər. Sözügedən qanun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edənlərin, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərənlərin, irqi, dini və milli müstəsnalığı təbliğ edənlərin, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olanların vətəndaşlığa bərpasını mümkünsüz sayır.

Taleh ŞAHSUVARLI