"Ermənistan regionda proseslər və şəraitin öz lehinə dəyişəcəyinə ümid edir" - EKSPERT

25 Oktyabr 2024 12:43 (UTC+04:00)

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib. Bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər”.

“ “3+3” platforması 2020-ci ilin sonlarında Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən bir təşəbbüsdür. Platformanın məqsədi Cənubi Qafqaz regionunda sülh təhlükəsizliyi və inkişafını təmin etmək, eyni zamanda regional problemləri yalnız region dövlətləri arasında müzakirə etməkdir. 2021-ci ildə platformanın Moskvada, 2023-cü ildə Tehranda görüşlər olmuş və bu görüşlərdən hansısa bir ciddi nəticə əfsuslar olsun ki, hasil olmadı. Ən son bir neçə gün öncə də Türkiyədə “3+2” dövlətlərin xarici işlər nazirlərinin görüşü oldu. Bu görüşdə Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan münasibətləri və digər regional məsələlər müzakirə olundu”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, bu görüşdə də ciddi bir nəticə hasil olmadı.

“Yəni tərəflər qısa zaman ərzində prosesləri yekunlaşdırmaq öhdəliyini üzərinə götürdülər. Nəyə görə ciddi bir nəticə demirəm? Çünki Ermənistan əvvəlki görüşlərdə də qısa zaman ərzində prosesi yekunlaşdıracağına dair öhdəlikləri üzərinə götürsə də, bu öhdəlikləri yerinə yetirmədi. Azərbaycan sülh gündəminə sadiqdir. Azərbaycan beş prinsipi irəli sürən və Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasını istəyən bir tərəfdir. Lakin problem burada Ermənistandadır. Birincisi, Ermənistanın müstəqil və sabit mövqeyi yoxdur, gah sülhdən danışır, gah ona zidd açıqlamalar verir. İkincisi, Ermənistan Fransanın əlində bir marionetdir. Fransada Cənubi Qafqaz regionunda özünün belə deyək, neokolonial, postkolonial siyasətini, ambisiyalarını yürütməyə çalışır. Nəhayət olaraq üçüncü isə Ermənistan Azərbaycanın legitim şərtlərini, Konstitusiyada dəyişiklik şərtlərini yerinə yetirmək də uzadır ki, bütün bunlar hamısı sözsüz ki, sülh prosesində bir maneədir. Eyni zamanda Ermənistan göstərir ki, sülh prosesini uzatmaq istəyir. Niyə uzatmaq istəyir? Bunun fərqli səbəbləri ola bilər", - deyə o əlavə edib.

“ Ancaq düşünürəm ki, Ermənistan sadəcə xarici havadarlarının təhriki ilə çalışır və ümid edir ki, müəyyən vaxtdan sonra regionda elə bir geosiyasi konyunktur formalaşar ki, həmin konyunktur Ermənistanın maraqlarına daha uyğun olar. Nəticə etibarilə Ermənistanın masada əli daha qüvvətli olar. Yəni, proseslərin və şəraitin öz lehinə dəyişməsinə ümid edir. Amma Ermənistanın bu ümidləri, sözsüz ki, əbəsdir. Azərbaycanın mövqeyi prinsipialdır və beynəlxalq hüquqa uyğundur. Bu mövqeyindən Azərbaycan heç zaman geri çəkiləsi deyildir. İstənilən halda bu kimi görüşlərə müsbət baxıram. Mövqelərin yaxınlaşdırılması, problemlərin müzakirə olunması kimi görüşlər faydalıdır. Ancaq fundamental şəkildə bu prosesin sürətləndirilməsi, Ermənistanın sülh sazişinə imza atması üçün bəhs etdiyim, bu üç maneə aradan qaldırılmalıdır. Ermənistan Qərbdən deyil, məhz Şərqdən imdad ummalı, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq yolunu seçməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA