Paşinyan sülh sazişinin imzalanmasında söz sahibi deyil - AÇIQLAMA

29 Oktyabr 2024 20:18 (UTC+04:00)

Kazanda baş tutan BRİKS+ sammitində bir araya gələn Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın səmimi görüntüləri sülhün anonsu kimi şərh edilir. Ekspertlər iddia edir ki, sülh sənədi tam razılaşdırılmasa da, həllini gözləyən məsələlərlə bağlı ortaq məxrəcə gəlmək olar”.

“Əslində hər ilin sonlarına doğru yekun sülh sazişinin imzalana biləcəyi ilə bağlı ehtimallar irəli sürülür. Bu il də ilin sonuna qədər yekun sülh sazişinin imzalanma ehtimalı ilə bağlı müxtəlif iddialar mövcuddur. Ancaq təəssüf ki, indiyə qədər bu iddiaların, ehtimalların heç birisi özünü doğrultmayıb. Çünki əsas səbəb ondan ibarətdir ki, Ermənistan ABŞ və Qərbin Cənubi Qafqazdakı siyasi müstəmləkəsinə çevrilib. Paşinyan hakimiyyəti ABŞ və Qərbin, Avropa Birliyi və Fransanın təlimatları ilə hərəkət edir. Bu səbəbdən də Paşinyan hakimiyyəti ABŞ, Avropa Birliyi və Fransanın icazəsi olmadan hər hansı addım atmaq imkanlarına malik deyil. O cümlədən də rəsmi İrəvan Qərbdən icazə almadan Azərbaycanla yekun sülh sazişini imzalamaq şansından uzaqdır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi bildirib ki, nə vaxt Qərbdən icazə verilərsə və yaxud da təlimat göndərilərsə, o zaman Ermənistan Azərbaycanla yekun sülh sazişini imzalaya bilər.

“O ki qaldı yekun sülh sazişinin tam razılaşdırılmasına, burada da əsas problemlərin sırasında ABŞ, Avropa Birliyi və Fransanın bu prosesə kobud müdaxiləsi ilə bağlıdır. Əgər Ermənistan müstəqil siyasi iradəyə malik olsa idi, o zaman Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin tam mətninin razılaşdırılması qətiyyən çətinlik törətməzdi. İki ölkənin rəsmi təmsilçiləri birbaşa təmaslarla bu məsələni çoxdan həll etmiş olardılar. Ona görə də pozitiv görüntülər, ümidverici mesajlar verilmiş olsa da, yekun sülh sazişinin məhz bu ilin sonuna doğru imzalanıb-imzalanmayacağı ilə bağlı qəti bir fikir bildirmək olduqca çətindir. Bu proses bir qədər uzana bilər. Yəni belə bir ehtimal hər halda mövcuddur”.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.