Samux Ovçuluq Təsərrüfatı: Böyük ərazinin köhnə problemləri -ARAŞDIRMA

23 Oktyabr 2024 14:38 (UTC+04:00)

Samux Dövlət Ovçuluq Təsərrüfatı ölkənin geniş təbii ehtiyatları və bənzərsiz ekosistemi ilə tanınır. Böyük potensiala malik bu təsərrüfat 21 min hektarlıq quru ərazini və 19 min hektar su hövzəsini əhatə edir. Bu təsərrüfat belə demək olarsa, heç də müsbət imicə malik deyil. Bütün ov mövsumlərində qanunsuz hallarla gündəmə gəlib. Bu il ov mövsümü açılmadığından təsərrüfatda hələ ki sakitlikdir. Burada əsasən çöl donuzları və su-bataqlıq quşları, o cümlədən qaz, ördək və qaşqaldaq ovlanır. Lakin bu il suyun səviyyəsinin yüksəlməsi ov üçün əlverişli şəraiti çətinləşdirir.

Ov mövsümü açılmasa da, bölgədə qanunsuz ovun qarşısının alınması məqsədilə təsərrüfat hüquq-mühafizə orqanları ilə əməkdaşlığı artırıb. DİN-nin qanunsuz silahlarla bağlı apardığı mübarizə bu il qanunsuz ovçuluq hallarının azalmasına zəmin olacağı düşünülür. Bu baxımdan qanunsuz ovun yayılmaması üçün media və QHT-lərin maarifləndirici kampaniyalar aparmasına ehtiyac duyulur. “Bu kampaniyalar vasitəsilə vətəndaşlara təbiətə və yabanı heyvan populyasiyalarına yanaşması dəyişə bilər”- Təsərrüfatın müfəttişi Səbuhi İsmayılov deyir.

Ekspert Elşad Məmmədlinin fikrincə, Samux Ovçuluq Təsərrüfatı kimi geniş ərazinin qorunması və inkişaf etdirilməsi üçün kifayət qədər işçi qüvvəsi mövcud deyil. Məmmədli bildirir ki, nazirlik tərəfindən əlavə ştat ayrılması mümkün olmadığı üçün təsərrüfatların müstəqil və ya özəl sektor vasitəsilə idarə edilməsi alternativ həll kimi qiymətləndirilir. Xarici ölkələrin təcrübəsindən faydalanaraq, ovçuluq təsərrüfatlarının ya özəlləşdirilməsi, ya da daha sərbəst idarəetmə üsullarının tətbiqi tövsiyə olunur. Bu yanaşma resurs çatışmazlığını aradan qaldırmaqla yanaşı, daha effektiv bir mühafizə və turizm potensialının inkişafına imkan verə bilər.

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin hüquqşünası Zaman Səmədov isə mövcud hüquqi tənzimləmələrin yenilənməsini təklif edir. Səmədov qeyd edir ki, ov turizmi sahəsində müasir yanaşmalar və beynəlxalq standartlara uyğun fəaliyyət üçün yeni hüquqi baza formalaşdırılmalıdır. Sovet dövründən qalmış qaydalarla idarə olunan təsərrüfatlar üçün müasir standartlara uyğun islahatlar aparılmadan, bu sahənin inkişafı məhdud qalır.

Samux Ovçuluq Təsərrüfatı geniş ekoturizm və mühafizə potensialına malik olsa da, bunun reallaşdırılması üçün həm infrastruktur, həm də idarəetmə sistemində ciddi dəyişikliklərə ehtiyac duyulur. Qanunsuz ovçuluğun qarşısının alınması, ərazinin mühafizəsi və idarəetmə metodlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlar təsərrüfatın davamlılığı üçün mühüm rol oynayacaq. Mütəxəssislərin də dəstəklədiyi kimi, təsərrüfatların özəlləşdirilməsi və ya daha müstəqil idarə olunması kimi yanaşmalar Samux Ovçuluq Təsərrüfatı kimi yerlərin gələcəkdə daha səmərəli fəaliyyət göstərməsinə və ölkədə ov turizminin inkişafına təkan verə bilər.

Araşdırma Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarının fəaliyyətinə ictimai nəzarət” layihəsi çərçivəsində hazırlanıb.