Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində bu ilin sonunda qurumun Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.
AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar yerli bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.
Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna AMB-nin Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna isə AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 və Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcək.
Aparılmış optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar Mərkəzi Bankın aşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət edə bilərlər.
Bakı şəhəri:
Mərkəzi Bankın inzibati binası, Bülbül prospekti 27
Yevlax şəhəri:
Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Heydər Əliyev prospekti 82
Biləsuvar şəhəri:
Biləsuvar Regional Mərkəzinin inzibati binası, Heydər Əliyev küçəsi 2B
Naxçıvan şəhəri:
Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Cəlil Məmmədquluzadə küçəsi 32
Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeyd edilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə əlaqədar müraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılı formada, eləcə də www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə elektron qaydada Mərkəzi Banka ünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isə Mərkəzi Bankın rəsmi internet səhifəsində “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı, Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeyd olunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdə vətəndaşlara Mərkəzi Bankın “966 Qaynar Xətti” vasitəsi ilə əlaqə yaradılması tövsiyə olunur.