"Konyak Diplomatiyası" rəzilliyinin ardından "Binokl Diplomatiyası"... Ermənistan yenə öz ampulasında

31 Oktyabr 2024 20:30 (UTC+04:00)

“Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Dünən Aİ-nin daha bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Avropa İttifaqına məxsus avtomobillərlə hərəkət etdiyi halda, sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb”.

“Aydın məsələdir ki, Avropa İttifaqının dırnaqarası sülhməramlı missiya adı altında Ermənistana gələn hərbçilərdən, kəşfiyyatçılardan və xüsusi xidmət orqanlarının üzvlərindən ibarətdir. Onlar ehtiyatda olan göstərilsə də, faktiki olaraq vəzifələrin başındadırlar və sadəcə formal olaraq rəsmiyyətdəki vəziyyətləri dəyişdirilibdir. Sonuncu reyddə fransız bayraqlı maşınların da sərhəddimiz boyunca hərəkət etməsi onu göstərir ki, Fransa bu proseslərin pərdəarxası əsas oyunçusudur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Siyasi şərhçi qeyd edib ki, rəsmi Paris hələ də xülyalar içərisindədir.

“Ermənistanı ələ alıb Cənubi Qafqazda özünə yer edə biləcəyini düşünür. Lakin bunlar hamısı boş cəhdlərdən başqa bir şey deyil. Ümumiyyətlə, bu missiyanın bugünkü fəaliyyətinin heç bir əsası yoxdur. Faktiki olaraq Azərbaycan və Ermənistan ikili danışıqlarla prosesləri həll etməyə çox yaxındır. Belə olan bir vəziyyətdə bu və ya başqa formada Fransanın proseslərə müdaxilə imkanları da əslində o qədər çox deyil. Avropa İttifaqının missiyasının Ermənistana gəliş səbəbi əslində Azərbaycanla bağlı deyil, Rusiya ilə bağlıdır. Rusiyanın bu ölkədəki təsirini müəyyən edib, tədricən Rusiyanı Ermənistandan çıxartmaq və yerinə Avropa İttifaqının qüvvələrini cəlb etmək idi. Buna da ki, mövcud vəziyyətə baxdıqda o qədər nail olduqlarını görə bilmərik. Ancaq məhz bu son reydlərin Azərbaycanla sərhəddə olması onu göstərir ki, artıq missiyada öz işinin, yəni məqsədin çərçivəsini aşmaqdadır. Azərbaycanla sərhəddə reyd aparmaq səlahiyyətini onlara heç kəs verməyib, təktərəfli gələn bir qüvvədirlər. Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini əvvəldən bəri açıqlayır. Təbii ki, biz onların reydlərindən o qədər də narahat deyilik. Amma istənilən halda, onların sərhədimiz boyunca hərəkət etməsi doğru deyil. Bu, “Binokl diplomatiyası”dır və Azərbaycan tərəfi bununla bağlı əslində rəsmi səviyyədə etirazlarını bildirib. Görünən odur ki, Avropa İttifaqının bu missiyası hazırda həm də regionda müəyyən bir məqsədsizlik içərisindədir. Əslində bəllidir ki, ATƏT-in Minsk qrupu kimi bu qurumun da fəaliyyəti tədricən sıradan çıxacaq”.

Rəfiqə NAMAZƏLİYEVA