Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

7 Noyabr 2024 14:28 (UTC+04:00)

Cəbrayıl şəhərinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yeni köçürülən ailələrə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Onlara tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Qeyd edək ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 30 ailə - 150 nəfər köçürülüb. Bununla da Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

13:24

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

Bu mərhələdə şəhərə 30 ailə - 150 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

06:34

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır. (report)