Ədalət Partiyası bəyanat yayıb

8 Noyabr 2024 16:24 (UTC+04:00)

Ədalət Partiyası 8 Noyabr Zəfər bayramı ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Azərbaycan silahlı qüvvələrinin dövlətimizin ərazi bütövlüyü uğrunda 2020-ci ildə həyata keçirdiyi 44 günlük vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Erməni terrorçu və separatçı qruplaşmaları və onların havadarlarının dəstəyi ilə işğal edilmiş və 30 ilə yaxın qondarma respublika kimi fəaliyyət göstərən cinayətkar rejimin nəzarəti altında qalmış ərazilərimizin azad edildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu 8 Noyabr qürur tariximizdir. Uzun illər həyata keçirilən uğurlu ordu quruculuğu siyasəti, xalqın, siyasi partiyaların, o cümlədən, Ədalət Partiyasının və hakimiyyətin Qarabağ problemi ilə bağlı həmrəyliyi cəbhədə - hərbi, beynəlxalq arenada isə siyasi uğurların qazanılmasına səbəb oldu.

Bu gün Azərbaycan xalqı vətən uğrunda şəhid olmuş övladlarını qürur hissi ilə anır, onların xatirəsini uca tutur, qazilərimizə minnətdarlıq və ehtiram göstərir, tarixmizin qəhrəmanlıq salnaməsini gələcək nəsillərə tədris edir.

44 günlük savaşda Azərbaycan yalnız öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlar apardığı halda Ermənistan terrorçu qruplaşmalarla birlikdə ölkəmizə qarşı insanlığa yaraşmayan təxribatlara əl atdı. Dinc əhali – yaşlılar, uşaqlar, qadınlar qətlə yetirildi, cəbhə bölgəsində yerləşməyən şəhər və kəndlər artilleriya hücumuna məruz qaldı, strateji obyektlərə, həmçinin Mingəçevir su anbarının dağıdılmasına cəhdlər edildi. Lakin bütün bunlar Azərbaycan xalqının vətənpərvərlik əzmini qıra bilmədi. Nəticədə qəhrəman ordumuz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasını təmin etdi, ərazilərimiz düşməndən təmizləndi. Bütün dünya erməni vəhşiliyini - Ermənistan tərəfindən yüzlərlə tarixi abidənin, məzarlıqların, məscidlərin, mədəniyyət nümunələrinin məhv edildiyini gördü.

Düşməndən azad edilən tarixi ərazilərimizdə quruculuq və abadlıq işləri aparılaraq, bu torpaqların həqiqi sahibinin kim olduğu bir daha sübut olunmaqdadır. Xarabalığa çevrilən şəhər və kəndlərimiz yenidən qurulur, məcburi köçkünlər öz doğma yurd-yuvalarına geri qayıdırlar.

Ədalət Partiyası hesab edir ki, Ermənistan köhnəlmiş və tənəzzülə uğramış qəsbkar, işğalçı, siyasi niyyətlərinə bundan sonra son qoymalı, beynəlxalq hüquqa hörmətlə yanaşmalı, qonşu dövlətlərlə sülh və əminamanlıq şəraitində yaşamalı, vətəndaşlarının rifahı naminə regionda davamlı sülhün və sosial-iqtisadi inkişafın təmin edilməsi üçün Azərbaycanın əsas 5 təməl prinsipindən ibarət sülh təklifi ilə razılaşmalıdır.

Ədalət Partiyası hesab edir ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı və talan etdiyi ərazilərə görə beynəlxalq qanunlara uyğun olaraq məsuliyyətə cəlb edilməli və Azərbaycana dəymiş zərərin ödənilməsinə məcbur edilməlidir.

Ədalət Partiyası 8 Noyabr tarixi zəfərinin şanını uca tutur, xalqımıza və dövlətimizə yönəlik düşmənçilik mövqeyi sərgiləyən xarici və daxili müdaxilələrə qarşı həmişə barışmaz mövqedə olacağını bir daha bəyan edir.

Qoy Zəfər günəşi Azərbaycanımızın üzərində əbədiyyət boyu parlasın!”