Azərbaycan XİN Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb

8 Noyabr 2024 16:31 (UTC+04:00)

Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk", - o bildirib.

Qeyd edək ki, komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib. Komitə, həmçinin miqrantların Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlarının və Fransanın xaricdəki Mayot ərazisindəki gecəqonduların sistematik evakuasiyasının bəzən həddindən artıq güclə həyata keçirilməsinin bu insanların üzləşdiyi onsuz da acınacaqlı həyat şəraitini pisləşdirməsindən narahatdır.