Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Aznews.az xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 46 sakin olmaqla daha 9 ailə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 13 ailə, Sumqayıtdan 1 ailə, Abşeron rayonundan 4 ailə, Saatlıdan 1 ailə, Beyləqandan 1 ailə, Gəncə şəhərindən 1 ailə olmaqla ümumillikdə 30 ailə, 150 sakin növbəti köç karvanında yola salınıb.
Bu günədək Cəbrayıl şəhərinə ölkənin müxtəlf bölgələrində məskunlaşmış 163 ailə, 583 rayon sakini köçürülərək daimi məskunlaşmaları təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.