Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşri təqdim edilib - FOTOLAR

13 Noyabr 2024 21:56 (UTC+04:00)

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.

AzNews.az xəbər verir ki, “Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub.

Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.

Təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) və başqaları iştirak ediblər.

Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

2020-ci ildən start götürən genişmiqyaslı layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Təqdimat zamanı sənədli filmin treyleri nümayiş olunub.