COP29-un Bakıda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir - Millət vəkili

14 Noyabr 2024 18:19 (UTC+04:00)

““Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasına - COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir. Azərbaycana qlobal diqqətin yönəldilməsi regionun üzləşdiyi ekoloji problemlər barədə məlumatların çeşidini artıracaq. Su qıtlığı, itirilən biomüxtəliflik kimi problemlər ön plana çıxcaq, nəticədə COP29 bunların həlli üçün daha geniş resursların cəlb olunmasına yardım göstərər”.

Bunu açıqlamasında AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlərin həlli üçün də vacibdir.

“Həmin ərazilərdə aparılan bərpa işləri həm də COP29-un öhdəliklərinə uyğun şəkildə aparılır. Azərbaycanın məqsədi istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmaqdır. Konfransın Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Nəticədə turizm sektoru canlanacaq, yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradılacaq, yaşıl enerjinin inkişafına təkan verəcək. Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənəcək. COP29-un Bakıda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev yeni dövrün yeni hədəflərini müəyyənləşdirən zaman xarici sərmayələrin cəlb edilməsini əsas istiqamətlərdən biri kimi qeyd etmişdi. Qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi də vacib elementlərdəndir. COP29 ölkəmiz üçün iqtisadi üstünlüklər və dividentlər gətirəcək tədbirdir. Bir faktı qeyd etməliyəm ki, Azərbaycan ilk post-sovet ölkəsidir ki, belə mötəbər tədbirə ev sahibliyi edir. Azərbaycan ekologiyanın mühafizəsi ilə bağlı beynəlxalq konvensiyaların öhdəliklərini uğurla yerinə yetirir. Ölkəmizin dünyada tanıtdırılması, əlaqələrin qurulması baxımından COP29 çox əhəmiyyətlidir”.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.