FT: Çin ABŞ ilə ticarət əlaqələrinin kəskinləşməsi halında əks tədbirlər hazırlayıb

14 Noyabr 2024 18:58 (UTC+04:00)

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ölkələr arasında ticarət münaqişəsini gücləndirmək qərarına gələrsə, Çin Amerika şirkətləri üçün cavab tədbirləri hazırlayıb.

Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bu, ikitərəfli prosesdir. Çin, əlbəttə ki, prezident Trampla istənilən yolla əlaqə saxlamağa çalışacaq, danışıqlar aparmağa çalışacaq, lakin 2018-ci ildə olduğu kimi, danışıqlar yolu ilə heç nəyə nail olmaq mümkün olmasa və biz mübarizə aparmalı olsaq, biz bu ölkənin hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcəyik”, - Pekin Universitetinin Qlobal Əməkdaşlıq və Anlaşma İnstitutunun icraçı direktoru Vanq Donq bildirib.

Materialda qeyd olunur ki, Çin son illərdə öz maraqlarını Vaşinqtonun təzyiqindən qorumaq üçün iqtisadi təsir imkanlarını xeyli gücləndirib. Pekin xarici şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə, mühüm resurslara çıxışı məhdudlaşdırmağa və beynəlxalq təzyiqlərə müqavimət göstərməyə imkan verən yeni qanunlar təqdim edib. Xüsusilə, ölkə müasir texnologiyaların inkişafı üçün vacib olan nadir torpaqlar və litium kimi ehtiyatların tədarükündə öz dominantlığından istifadə edə bilər.

Mövsüm

Aznews.az