Bu gün Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar - Siyasi şərhçi

15 Noyabr 2024 16:15 (UTC+04:00)

“Əslində bu gün Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Bu daha çox Azərbaycanın diplomatik səyləri və ikitərəfli təmaslar nəticəsində mümkün olub. Tarixi təcrübə göstərir ki, vasitəçilərlə təmaslar daha az effektivdir ki, nəinki ikitərəfli birbaşa təmaslar. Hazırda çox məsələlər üzrə də razılıq əldə olunub. Bunu hər iki tərəfdə deyir. Sülh sazişi ilə bağlı hələ də razılaşdırılmamış bir neçə məqam qalıb. Hazırda çoxlarını düşündürən əsas məsələ sülh sazişinin nə vaxt imzalanacağıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi şərhçi qeyd edib ki, əslində Ermənistanın COP29-da mümkün iştirakı tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşması baxımından əhəmiyyətli olardı.

“Bəlkə də əgər Ermənistan baş naziri və xarici işlər naziri Azərbaycana gəlsə idi, bu müddət ərzində hansısa sənəd də imzalana bilərdi. Bu olmadı və ehtimal edirəm ki, bunun da müxtəlif səbəbləri var. Bu ehtimallar içərisində birincisi, Qərbin bu məsələdə Ermənistana təzyiq göstərməsidir. Çünki Qərb, xüsusilə Fransa başa düşür ki, erməni rəsmilərinin Azərbaycana gəlməsi qarşılıqlı etimad mühitinin formalaşmasına kömək edə bilər. Ona görə bunun qarşısını aldı. İkinci isə ola bilsin ki, Ermənistan daxili ictimai rəydən, təhlükəsizlik məsələlərindən qorxur. Lakin həqiqətən də bu, Ermənistan üçün rəsmi Bakının dediyi kimi, itirilmiş fürsət idi. İndi sülh sazişi ilə bağlı bir çox məsələlər həllini tapsa da, Azərbaycanın konkret tələbi var. Bu tələb Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və bunu Konstitusiya səviyyəsində təsbit etməsidir. Düşünürəm ki, Ermənistan buna getmədikcə sülh sazişi imzalanmayacaq. Əsas bu dəqiqə bizim qırmızı xəttimiz bu məsələdir. Azərbaycan hər nə qədər sülh sazişini istəsə də, bunun üçün çalışsa da, biz sülh sazişi olmadan da yaşaya bilərik. Yəni sülh daha çox Ermənistana lazımdır”.

“Çünki Ermənistan bu gün Rusiya ilə Qərb arasında faktiki olaraq siyasi poliqona çevrilib və gələcəkdə hərbi poliqona da çevrilə bilər. Bu gün Ermənistanın özünün müstəqil xarici siyasət kursunun olmaması bu dövləti təhdid altına qoyur. Belə bir vəziyyətdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır ki, bu da Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçər. Ermənistan bunu istəyirsə, əvvəlcə konstitusiya dəyişikliyinə getməlidir. Konstitusiya dəyişikliyinə getmədikcə nəinki bu dekabrda, hətta növbəti illərin dekabrında da sülh sazişi imzalanmayacaq və münasibətlər məhdud səviyyəyə qədər inkişaf edəcək”.

Rəfiqə NAMAZƏLİYEVA