“Ermənistan nümayəndə heyəti Azərbaycanın rəsmi dəvətinə baxmayaraq COP29-a gəlib-gəlməyəcəyinə dair hələ də dəqiq qərar verməyib. İlk olaraq Ermənistanın sammitdə iştirak üçün rəsmi qeydiyyatdan keçdiyi haqda məlumat yayılsa da, ölkənin xarici işlər naziri Ararat Mirzoyan bunu təkzib etdi. Lakin İrəvan hökuməti hələ də COP29-da iştirakla bağlı yekun qərarın olmadığını bildirir. Bəzi ekspertlərin fikrincə, Ermənistanın COP29-da iştirak etməməsi həm tərəflər arasında sülh prosesinin gələcəyinə, həm də qarşılıqlı etimad mühitinin yaranmasına ciddi problem yarada bilər”.
“Ermənistan nümayəndə heyətinin COP29-a qatılmaması təbii ki, Ermənistan öz məsələsidir. Əslində bu işin müsbət tərəfi ondan ibarətdir ki, artıq beynəlxalq aləm də Ermənistanın əsl niyyətini və xislətini bir daha gördü. Aydın oldu ki, son bir ildə davamlı şəkildə sülhdən, əməkdaşlıqdan danışan Ermənistan əslində sülhə hazır deyil və məhz özünün də dəstəklədiyi COP29 tədbirində iştirakla bağlı hələ də qərar verə bilməyib. Düşünmürəm ki, Ermənistanın bu tədbirdə iştirak etməməsinin proseslərə ciddi bir təsiri olsun. Əslində, bu, Ermənistan üçün daha ciddi psixoloji yük oldu. Ən azı Azərbaycan nümayəndə heyəti iə üzbəüz gələndə onların COP-la bağlı davranışlarının nədən bu cür olduğu ilə bağlı həm də izahat verməli olacaqlar”.
Bunu AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, bu bir daha onu göstərdi ki, Ermənistan müstəqil dövlət deyil və Ermənistan daha çox xarici təsirlərdən, o cümlədən Fransadan asılı siyasət yeridir.
“Məhz Fransa prezidentinin 6 noyabrda Budapeştdə Paşinyana verdiyi təlimat əsasında Ermənistan bu tədbirə qatılmadı. Digər məsələlər bu günə qədər necə gedibsə, düşünürəm ki, o, qaydada gedəcək. Hansısa bir əlahiddə hadisə baş verməsə, Ermənistan prosesləri mümkün qədər yubatmağa çalışaraq, Qərbin də dəstəyi ilə hərbi balansı yaratmaq istiqamətində addımlar atacaq. Yəni COP-da iştirak edib-etməmək əslində xüsusi bir fövqəladə hadisə kimi qəbul olunmamalıdır. Məsələyə başqa yöndən də baxsaq, şübhəsiz ki, bu Ermənistanın özünün ciddi şəkildə zərərinə olan bir davranış və addım oldu”.
Rəfiqə NAMAZƏLİYEVA