Baş Prokuror Kamran Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, Daxili işlər naziri Saif Bin Zayed Al Nahyanının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan BƏƏ arasında tarixi köklərə malik olan və mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri var. Münasibətlərin yüksək səviyyədə olması hər iki ölkə rəhbərliyinin qarşılıqlı siyasi dialoqları nəticəsində mümkün olub.
Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev qeyd edib ki, COP29 iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələr, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və həll yollarının müəyyən edilməsi üçün çox mühüm platformadır.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin BƏƏ-nin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə baş tutan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
BƏƏ-nin Baş nazirinin müavini, Daxili işlər naziri Saif Bin Zayed Al Nahyan səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsində uğurla keçirilmiş COP28-dən sonra COP29-un daha böyük nailiyyətlərlə yadda qalacağına əminliyini ifadə edib.
Saif Bin Zayed Al Nahyan Azərbaycanın hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında ölkəsinin maraqlı olduğunu qeyd edib.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.
Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.