Ekvadorda həbsxanada üsyan: 15 nəfər ölüb

16 Noyabr 2024 19:41 (UTC+04:00)

Cənubi Amerikanın Ekvador ölkəsinin Quayaquil şəhərində yerləşən ölkənin ən böyük həbsxanası olan Litoralda iğtişaş baş verib.

Bildirilib ki, dünən səhər saatlarında məhbuslar arasında baş verən qarşıdurmada 15 nəfər ölüb, 14 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri bir neçə saat sonra həbsxanaya nəzarəti bərpa edərkən, həbsxanada genişmiqyaslı axtarış aparılıb.

Prokurorluqdan verilən açıqlamada hadisələrlə bağlı 9 məhbus barəsində qətl ittihamı irəli sürüləcəyi bildirilib.

Ölkənin ən təhlükəli həbsxanalarından biri olan Litoralın direktoru Mara Daniela İcaza sentyabr ayında evə gedərkən avtomobilinə silahlı basqın nəticəsində öldürülüb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda həbsxanada baş verən iğtişaşda 31 nəfər həyatını itirmişdi.

Mövsüm

Aznews.az