COP29 kənd təsərrüfatında yeni davamlı texnologiyaların inkişafı üçün platforma olacaq - Metyu Brayza

17 Noyabr 2024 20:42 (UTC+04:00)

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “yaşıl zona”sına səfəri çərçivəsində şoranlaşmış torpaqların bərpa edilməsi və aqrar sektorda innovativ texnologiyalar təqdim edən "AZCHEMCO" şirkətinin pavilyonunda çıxış edib.

"Report" xəbər verir ki, çıxışı zamanı Metyu Brayza təkcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində deyil, həm də qlobal miqyasda qabaqcıl aqrar texnologiyaların istifadəsinin vacibliyinə xüsusi diqqət çəkib. Belə ki, hazırda kənd təsərrüfatı qlobal iqlim dəyişikliyinin səbəblərinin 8 %-ni təşkil edir və bu sahədə siyasətin düzgün aparılmaması su qıtlığına və torpaqların deqradasiyasına səbəb olur.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafına, qlobal ekoloji və iqlim təşəbbüslərinə sadiqliyi ilə bağlı dəqiq kurs müəyyən edərək, həm dövlət, həm də özəl sektorun göstərilən istiqamətlərdə inkişafı üçün bütün imkanları yaradıb. COP29 konfransının iqlim dəyişikliyi ilə mübarizədə dünya lideri kimi Azərbaycana verdiyi bugünkü nəhəng imkanlar dövlətin qlobal miqyaslı problemlərin həllində düzgün inkişaf kursunu tam əks etdirir.