Saymon Stil: COP29-dakı irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir

18 Noyabr 2024 16:30 (UTC+04:00)

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir.

Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Biz artıq G20-nin iki ölkəsindən - Böyük Britaniya və Braziliyadan siqnallar almışıq. Onlar indicə öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim ediblər. Onlar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməyi planlaşdırırlar", - S.Stil bildirib.

Onun sözlərinə görə, həqiqətən vacib alətlərdən biri bu il dərc edilməli olan yeni İkiillik Şəffaflıq Hesabatlarıdır: "Bu hesabatlar daha effektiv iqlim siyasəti üçün faktiki məlumat bazası yaratmağa kömək edir. Biz gördük ki, onlardan bəziləri təqdim edilib və daha çoxu hazırlanma prosesindədir".

Bununla yanaşı, S.Stil vurğulayıb ki, nəzərəçarpan irəliləyişə baxmayaraq, COP29-da gözlənilən nəticələrə nail olmaq üçün hələ çox iş görülməlidir.