"İran parlamenti üzvünün dedikləri cəfəngiyyatdır" - Sahib Alıyev

19 Noyabr 2024 01:47 (UTC+04:00)

"İran Parlamentinin üzvü Fədahüseyn Malikinin guya Böyük Britaniya və İsrail şirkətlərinin Azərbaycanda olması nəticəsində Xəzərin çirklənməsi haqda dedikləri cəfəngiyyatdır, onun qərəzliliyi ilə yanaşı, ekologiya haqda anlayışının olmamasından , SEPAH-ın tezisləri üzrə çıxış etməsindən xəbər verir".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O daha sonra bildirib:

"Xəzəryanı dövlətlər arasında onun ekologiyasına ən həssaslıqla yanaşan ilk növbədə Azərbaycandır. Tehran Konvensiyasına əməl etməyən rejim varsa, o Tehrandakıdır. Bu rejimin ekologiya məsələlərində necə "həssas" olduğunu quruyan Urmiya gölündən də yaxşı bilirik. Bunun qarşısını almağa çağıranların bir hissəsinin hələ də zindanlarda yatdıqlarından da xəbərdarıq.
İran Prezidentinin COP-29-a qatılmaması da elə sözü gedən rejimin təkcə Azərbaycana yox, həm də eklogiyaya yanaşmasını ortaya qoymurmu? Maliki iddia edir ki, guya İsrail rəsmiləri COP29-da olduqlarına görə İran Prezidenti Bakıya gəlməyib. Maraqlıdır bəs onda BMT-nin İsrail rəsmiləri də qatılan digər tədbirinə İran Prezidenti niyə getmişdi, özü də həmən təbdir “Böyük Şeytan” adlandırdıqları ABŞ-də keçirilirdi?"

"Ona görə də Maliki İran Prezidentinin COP-29-a buraxılmamasına səbəbin Fransa, Niderland və Ermənistanıkıyla eyni olduğunu söyləsəydi, açıqlaması daha inandırıcı təsir bağışlayardı"- deyə Milli Məclisin üzvü fikrini tamamlayıb.

AzNews.az