Peru mətbuatı Azərbaycanda keçirilən COP29-dan yazıb

19 Noyabr 2024 09:33 (UTC+04:00)

Perunun kütləvi informasiya vasitələri ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi barədə məqalələr dərc edib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

“El Peruano”, “La Razon” qəzetləri, eləcə də “Infobae” və “OjoPúblico” kimi onlayn platformalarda yayımlanan materiallarda COP29-un əhəmiyyəti geniş şəkildə vurğulanır. Məqalələrdə qeyd olunur ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, alimlər və ekoloji fəallar Bakıda bir araya gəliblər.

Məqalələrdə Prezident İlham Əliyevin və BMT-nin Baş katibi Antonio Quterreşin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışlarından sitatlar yer alıb. Yazılarda Prezident İlham Əliyevin sözlərinə istinad olunaraq qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətlərdir və ölkələr nə malik olduqları sərvətlərə, nə də onları bazara çıxardıqlarına görə tənqid edilməməlidir.

Həmçinin iqlimşünaslar və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.

Eyni zamanda, konfransın qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün unikal platforma olduğu bildirilir. COP29 iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəflərinə nail olmaq üçün yeni maliyyə resurslarının təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

Konfransın əsas məqsədlərindən biri, qlobal istiləşmənin mənfi təsirlərinin azaldılmasına yönəlmiş yeni razılaşmaların imzalanmasıdır. COP29, iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin qarşısını almaq və qlobal hərarət artımına qarşı müvafiq addımlar atmaq üçün əhəmiyyətli tədbir kimi qiymətləndirilir. Həmçinin, iqlim dəyişikliyinin qarşısının alınmasının Peru üçün vacibliyi vurğulanır.