Şəhərlər enerji səmərəliliyinin təmin edilməsində əsas rol oynayır.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən Şəhərlərdə Təbiət, Səhiyyə və Kənd Təsərrüfatı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
Onun sözlərinə görə, şəhərləri iqlim dəyişikliyinə davamlı etmək və şəhər adaptasiya tədbirlərini həyata keçirmək vacibdir: “Lakin qeyd etmək lazımdır ki, şəhərlər həm də iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və enerji səmərəliliyinin təmin edilməsində əsas rol oynayır. Əlverişli siyasət və qanunvericilik çərçivəsi vasitəsilə binalarda enerji səmərəliliyinə investisiyaların artırılması, dövlət qurumlarının binalarında enerji idarəetməsinin təkmilləşdirilməsi istiləşmənin 1,5°C həddində məhdudlaşdırılması hədəfinə çatmağın mümkün yollarından biridir".
O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər iqlim fəaliyyətinin əsas hərəkətverici qüvvəsi ola bilər: "Plan və proqramların strateji ekoloji qiymətləndirilməsi daxil olmaqla şəhər ətraf mühitinin idarə edilməsi şəhərlərdə Milli səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) həyata keçirilməsinə uyğun olmağımıza imkan verir".