Devid Tonq: Dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi zəruridir

21 Noyabr 2024 10:54 (UTC+04:00)

Qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçid prosesi sürətləndirilməlidir.

Bunu “Oil Change International” QHT-nin nümayəndəsi Devid Tonq bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qalıq yanacaqlardan imtina artıq Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə sənədin mətnində təsbit olunub, lakin proses sürətləndirilməlidir: "İqlim təsirinin azaldılması planında iddialı hədəflər yoxdur. Digər əsas danışıqlar sənədlərində tamamilə fərqli mövqelərin əks olunduğunu görürük və bu bizi narahat edir".

D.Tonq xatırladıb ki, ötən il Dubaydakı konfransda qəbul edilmiş qlobal qərar bərpa olunan enerji mənbələrindən istifadənin üç dəfə, enerji səmərəliliyinin iki dəfə artırılmasını və enerji sistemlərində qalıq yanacaqlardan imtinanı nəzərdə tutur: “Bu proses ötən il başa çatıb”.

Ekspert qeyd edib ki, tərəflərin mövqelərindəki çağırışlar və fərqlərə baxmayaraq, dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi zəruridir.