Yaponiya COP29 və CMA6-nın yekunları üzrə balanslaşdırılmış qərarlar paketinə ümid edir

21 Noyabr 2024 14:40 (UTC+04:00)

Yaponiya hesab edir ki, Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) yekun razılaşdırılması üçün əvvəlcə maliyyələşdirmənin xarakteri və digər müxtəlif aspektlər müəyyən edilməlidir.

Bunu Yaponiyanın ətraf mühit naziri Asao Keyitiro COP29 prezidenti tərəfindən çağırılan açıq plenar iclasda bildirib.

"Biz ədalətli keçid məsələsində COP29 və Paris Sazişinin Tərəflərinin 6-cı görüşünün (CMA6) yekunları üzrə balanslaşdırılmış qərarlar paketinə ümid edirik. Yaponiya hesab edir ki, Bakıdakı müzakirələrdə BƏƏ-Belen proqramının həyata keçirilməsinə üstünlük verilməlidir", - o bildirib.

"Paris Sazişinin 6-cı Maddəsinə gəlincə, biz bu maddənin tam əməliyyatlaşdırılması üçün CMA6-da dəqiq qərarın əldə edilməsinə çalışırıq. Yaponiya COP29-un uğuru üçün səylərini əsirgəməyəcək", - nazir qeyd edib.