Əsrə bədəl 5 il: Heydər Əliyevsiz Azərbaycan hakimiyyətinin məğlubiyyət tarixi

21 Noyabr 2024 22:20 (UTC+04:00)

Tarix “əgər”lə başlayan cümlələri sevmir. Şərt cümlələri tarixi dəyişdirmir. Amma tarix elə ona görə lazımdır ki, keçmişin səhvləri qiymətləndirilsin, həmin səhvlərin indiki zamana təsirləri müəyyən edilsin və daha mütərəqqi bir gələcək modelləşdirilsin. Odur ki, tarixi proseslər və hadisələr doğru dəyərləndirilməyə, bunun üçün isə, zamana möhtacdır. Bəli, bu gün 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımızı düşməndən geri almışıq, amma bu, bizi tarixə yönəlik suallardan və təsirlərini bu gün də dərindən hiss etdiyimiz səhvlərdən, həm də cinayətə bərabər səhvlərdən xilas etmir. Ötən əsrin 80-90-cı illərində cəmiyyət olaraq ortaq zəkamızın düzgün hesablamadığı proseslər nəticəsində bu gün milli gəlirlərimizin çox önəmli bir qismini Qarabağın bərpasına sərf etmək, erməni vandalizminin xarabalığa çevirdiyi bir regionu yenidən və sıfırdan qurmaq məcburiyyətindəyiksə, deməli, tarixi səhvlərimiz başımızın üstündən “Domokl qılıncı” kimi asılmaqda davam edir…

1988-ci ildən başlayaraq Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı şüarlar səsləndi, aksiyalar keçirildi, həm Azərbaycanın, həm də SSRİ-nin konstitusiyalarına zidd qərarlar qəbul edildi. Bütün bunlar Ermənistan tərəfindən həm planlaşdırılmışdı, həm də dəstəklənmişdi. Pərdənin arxasında iqtisadi böhranla üzləşmiş SSRİ-nin dağılmasını sürətləndirmək istəyən Qərb və Qərbin rıçaq kimi istifadə etdiyi erməni diasporası, həmçinin SSRİ rəhbərliyini, Mixail Qorboçovu əhatəyə almış erməni şəbəkəsi vardı. Erməni institutları Qarabağı Azərbaycandan qoparmaq üçün daxildə və xaricdə ciddi şəkildə təşkilatlanmış, maliyyə fondları yaratmış, ideoloji-siyasi baza formalaşdırmışdılar. Azərbaycan SSR-nin rəhbərliyi bu geniş və məkrli planın qarşısına çıxmağa heç bir baxımdan hazır olmadığı kimi, müti və düşüncəsiz davranışları ilə Bakının Xankəndi üzərindəki hakimiyyət təsirini də günbəgün itirirdi. O mərhələni geniş şəkildə təsvir etmədən bu günlərdə Şuşaya, Qubadlıya, Laçına, Kəlbəcərə yolu düşən hər kəsin verdiyi bir sualı xatırladaq: sosial, iqtisadi, intellektual, mədəni, demoqrafik və digər sahələrdə ermənilərdən qat-qat üstün olan bir xalqın bu cür strateji əraziləri düşmən əlinə necə keçə bilərdi axı?!.

Cavabı uzatmağa hacət yoxdur, ermənilər:

Əlbəttə, bütün bunlar bir günün içində olmadı. Zaman-zaman işğalçı erməni çətələri və ordusuna qarşı hərbi əməliyyatlar da keçirildi, bəzən müvəqqəti üstünlük də əldə olundu. Amma son nəticədə 1988-93-cü illər- qızıldan qiymətli 5 illik bir dövr Azərbaycan tarixinin məyusluq, faciə, məğlubiyyət mərhələsidir.

Bu mərhələdə üzləşdiyimiz məğlubiyyətin, faciələrin və məyusluğun ən qısa səbəbi dövlətimizin və dövlətə bərabər liderimizin olmamasıdır. Ermənilərin dövlətçilik ənənələri yoxdur, kilsə bütün zamanlarda millət kimi formalaşmamış erməni icmasının əsas təşkilatçısı, təbliğatçısı və ideoloqudur. Biz isə, Alp Ər Tunqadan Nadir şaha və Əfşar imperiyasının Şimali Azərbaycan xanlıqlarına qədər uzanan 2000 illik bir dövrdə Cənubi Qafqazda etnik və dövlət kimliyimizi bir arada tutmuşuq. Erməni kilsəsinin və daşnak zehniyyətinin qarşısına çıxmaq üçün bizə MİLLİ ŞÜURUna, DÖVLƏT TƏCRÜBƏSİnə və LİDERLİK KEYFİYYƏTLƏRİnə görə zamanın sınağından çıxmış bir STRATEQ lazım idi.

O strateq var idi! Zəngəzur mənşəli bir ailənin övladı olaraq Naxçıvanda dünyaya göz açmış, çətin coğrafi şəraitdən çıxaraq general rütbəsinə qədər yüksəlmiş, SSRİ kimi nəhəng imperiyanın zirvəsində bir siyasi şəxsiyyət olaraq haqq etdiyi görəvi tutmasına məhz azərbaycanlı olduğu üçün imkan verilməmiş, Qorboçovun və ətrafındakı erməni şəbəkəsinin Qarabağla bağlı planlarını poza biləcəyi üçün təzyiqlərə məruz qalmış, sovet ordusunun Bakıda törətdiyi 20 yanvar qətliamından sonra yeganə oğlunu yanına alaraq illərlə xidmət etdiyi kommunist rejimini mərd-mərdanə şəkildə ittiham etmiş, daha sonra vətənə dönərək Azərbaycan Ali Sovetinə deputat, muxtar respublikaya rəhbər seçilmişdi.

1988-91-ci ilin ilk yarısında Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi böyük ölçüdə mümkün deyildi. Çünki həmin illərdə Azərbaycan SSSR-nin tərkibində idi. Respublikalarda kimin rəhbər vəzifə tutması bəzən raykom katiblərinə qədər Moskvanın qərarı ilə həll olunurdu. Moskvanın “yenidənqurma elitası” isə, Heydər Əliyevi milli mənsubiyyətinə, siyasi dühasına və Tanrı ərmağanı olan xarizmasına görə özlərinə tam əks cəbhədə görürdü. Qorbaçov və ətrafındakı erməni şəbəkəsi üçün Azərbaycanın başında elə fuqurlar dayanmalı idilər ki, onlar xalqdan qopuq, iradəsiz, səriştəsiz, qorxaq və siyasi kəmsavad olsunlar. Odur ki, “yenidənquranlar” dövranı tamamlanmaq üzrə olan Kommunist Partiyasının Azərbaycandakı təşkilatının başına Ə. Vəzirov, A. Mütəllibov kimi öz xalqları qarşısındakı tarixi məsuliyyətlərini, ümumiyyətlə, dərk edə bilməyənləri gətirməyə üstünlük vermişdilər. Hər iki şəxsin hakimiyyəti ermənilərin Qarabağ planları üçün əlverişli şərait, hətta bəzən düşünülməmiş dəstək yaratmaqla yanaşı, Azərbaycanın milli potensialının post-sovet dövrünə hazırlığını əngəllədi.

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi. Bundan az sonra- sentyabrın 8-də Ayaz Mütəllibov Azərbaycan prezidenti seçildi. Zira, həmin il oktyabrın 17-də Ermənistanda keçirlən seçkilərdə Levon Ter-Petrosyan hakimiyyətə gəlmişdi. Sadə dildə desək, bu, o deməkdir ki, Azərbaycanda Qarabağ münaqişəsinin ilk 3 ilini ermənilərə uduzmuş, prosesi əngəlləyə və milli maraqlarımızın lehinə dəyişdirə bilməmiş yerli kommunist elitasının təmsilçisi, Ermənistanda isə, bilavasitə münaqişənin yaradılmasında rol almış, Qarabağ məsələsini SSRİ tərkibində çözməyə can atmayan, Azərbaycanın tarixi və hüquqi torpaqlarını müstəqil Ermənistana qatmaq istəyən siyasi doktrinanın lideri iqtidara gətirilmişdi. Ter-Petrosyanın əcdadı Klikiya keşişlərindən idi. Ata tərəfdən babası Petros “Hnçak”, ana tərəfdən babası “Daşnak” fəalı olmuş, özü Eçmiədzinin İlahiyyat Seminariyasında dərs demişdi. Azərbaycan əraziləri məhz onun dövründə işğal olundu. Lakin məhz Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən bir müddət sonra Ter-Petrosyan erməniləri Qarabağ sevdasından “üzüsulu bir formada” əl çəkməyə çağıraraq vəzifəsindən istefa verdi.

Əsas sualımız budur: Heydər Əliyev iqtidara 1993-cü ilin iyununda, ölkədə üç ildə üçüncü böyük hərbi-siyasi böhran (əvvəlki ikisi: yanvar 1990, fevral-iyun 1992) yarandıqdan sonra deyil, elə müstəqilliyin elanından dərhal sonra- 1991-ci ilin sentyabrında gəlsəydi, hadisələr necə inkişaf edərdi?

(ARDI VAR)

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru